
İsraildə Baş nazir Benyamin Netanyahuya sui-qəsd hazırlamaqda şübhəli bilinən 70 yaşlarında bir qadın həbs edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, polis şübhəlinin digər fəallar vasitəsilə silah əldə etməyə çalışan və baş nazirin təhlükəsizlik tədbirləri haqqında məlumat toplayan məşhur anti-hökumət fəalı olduğunu bildirib.
Qadın İsrail Təhlükəsizlik Xidməti (Şin Bet) tərəfindən saxlanılıb və Lod şəhərindəki Lahav 433 Ağır və Beynəlxalq Cinayətlər Bölməsi tərəfindən dindirilib.
Çərşənbə günü istintaqı başa çatdıran polis işi əlavə araşdırma və ittiham aktı hazırlamaq üçün Baş Prokurorluğa təhvil verib.
“Kan”ın məlumatına görə, şübhəli şəxs iki həftə əvvəl həbs edilib, lakin ona bütün dövlət idarələrində işləmək və baş nazirlə yaxınlaşmaq qadağan olunmaq şərti ilə sərbəst buraxılıb.
O, cümə axşamı cinayət törətmək və terror aktı törətmək üçün sui-qəsddə ittiham olunacaq.