Hüseyn İbrahimov: “Qazdan siyasi alət kimi istifadə etsəydik, o zaman bu, ölkəmizə olan etimadı sarsıda bilərdi”
Prezident İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışında bildirib ki, qaz satışı məsələsində biz heç vaxt deməmişik Rusiyaya alternativ ola bilərik, bunu heç vaxt siyasiləşdirməmişik:
“Avropa İttifaqı məsələsinə gəldikdə isə, onlar Rusiya qazından imtina etmək niyyətindədir, biz bunu heç vaxt nəzərə almamışıq. Biz heç bir halda Rusiya ilə rəqabət aparmağa çalışmamışıq. Hətta o dövrdə ki, Rusiya Avropaya 150 milyard kubmetr qaz nəql edirdi. Biz heç vaxt deməmişik ki, buna alternativ ola bilərik. Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Bizim enerji siyasətimiz biznes məqsədli olub. Biz bunu heç vaxt siyasiləşdirməmişik, heç bir zaman qazın həcmini azaltmamışıq. Hətta o ölkələrə ki, onlar heç vaxt bizimlə razılaşmayıblar. Bu, sırf kommersiya prinsiplərinə əsaslanaraq öhdəliklərimizi rədd etdiyimiz mənasına gəlmir və heç bir ölkəyə qaz nəqlində indiyə qədər fasiləyə yol verməmişik”.
“Avropanın Rusiyadan qaz idxalı kəskin şəkildə azalsa da, Azərbaycan yaranan boşluğu doldura bilməz”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov bildirdi ki, Azərbaycan həqiqətən də heç vaxt qazdan bir alət kimi istifadə etməyib: “Nə indi, nə də bundan əvvəl Azərbaycan hansısa geosiyasi ambisiyalarla çıxış etməyib. Çünki ölkəmiz ərazicə kiçik dövlətdir, açıq dənizə çıxışı yoxdur. Üstəlik, Azərbaycan imperiya dövləti olmayıb. Bəli, ölkəmiz olduqca önəmli coğrafi məkanda, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən yol üzərində yerləşir. Buna baxmayaraq, Azərbaycan hər zaman qonşu dövlətlərlə normal münasibətlərdə maraqlı olub. Qarşılıqlı maraqların qorunmasına üstünlük verib. Ölkəmiz müstəqillik əldə edəndən sonra bu siyasət prioritet olub. Zaman-zaman müxtəlif xarici media vasitələrində qaz ixracına görə Azərbaycanı Rusiyaya rəqib kimi təqdim etməyə çalışıblar. Halbuki, bunların heç bir iqtisadi və o cümlədən, siyasi əsası olmayıb. Ona görə ki, həm qaz ehtiyatlarına, həm də onun ixrac həcminə görə iki ölkə arasında dəfələrlə böyük fərq var. Belə olan halda hansı rəqabətdən söhbət gedə bilər? Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan Avropaya 2020-ci ilin 31 dekabrından qaz ixrac edir. Rusiyanın Ukrayna ilə müharibəsi bundan 1 il iki ay sonra başlayıb. Avropanın müharibə ilə əlaqədar Rusiyadan qaz idxalı kəskin şəkildə azalsa da, Azərbaycan yaranan boşluğu öz qaz resursları ilə doldura bilməz. Çünki bizim qaz resurslarımız Rusiya qədər böyük deyil. Azərbaycanın qaz ixracının artırılması ilə bağlı tələbləri aydındır. Avropa bizdən əlavə qaz istəyirsə, o zaman Avropanın iri maliyyə qurumları yeni kəmərin tikintisi üçün vəsait ayırmalıdılar. Azərbaycan indiyə qədər qaz təchizatında heç bir fasiləyə yol verməyib. Çünki etibarlı tərəfdaşdır. Azərbaycan 30 il əvvəl “Əsrin kontraktı” adlı böyük neft sazişini imzaladı, amma bir dəfə olsun sazişə yenidən baxılması təşəbbüsü ilə çıxış etmədi. Çünki belə bir addım ölkəmizə olan inam və etimadı sarsıda bilərdi. O cümlədən, qazdan siyasi alət kimi istifadə etsəydik, bənzər durum yarana bilərdi”.
Vidadi ORDAHALLI