Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Xocavənd rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyəni davam etdirir.
QHT.az xəbər verir ki, 23.07.2025- ci il tarixində Xocavənd rayon Xocavənd kənd Mədəniyyət evində “Nümunəvi valideynlik İnstitutu” layihəsi çərçivəsində "Erkən və qohum nigahların səbəbləri və fəsadları” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə Xocavənd kənd İƏD üzrə Nümayəndəsi Rövşən Babayev açdı. O qonaqları təqdim etdi və sözü layihə rəhbərinə verdi. Layihə rəhbəri Ş.Dadaşova layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqladı. O bildirdi ki, “Ölkəmizdə erkən və qohum nikah hallarının azaldılması ilə bağlı müsbət işlər aparılmasına baxmayaraq, problem hələ də bəzi ərazilərdə qalmaqdadır. 2024-cü ildə erkən evlilik və qohum evliliklərinin qarşısının alınması istiqamətində Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Nümunəvi Valideynlik İnstitutu adlı layihə çərçivəsində bu dəyişikliklərlə bağlı maarifləndirmə işi aparılacaq. Məqsədimiz cəmiyyətimizdə sağlam ailələrin sayının artmasıdır”
Tədbirdə Ekspert S.Məmmədova erkən nigahın fəsadlarından ətraflı danışdı. Bildirdi ki, “yeniyetmənin orqanizmi inkişafda olan orqanizm olduğu üçün bu dövrdə bir çox xroniki xəstəliklər kəskinləşir.Belə ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Erkən və qohum nikahlar həm mənəvi-psixoloji, həm də fiziki cəhətdən uşaqların gələcək həyatlarına mənfi təsir edir. Bunu anlayan valideyn uşağını erkən nigaha cəlb etməz.”
N. Vəliməmmədova Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə məlumat verdi . Bildirdi ki, “Qanunda edilən dəyişikliklər 2025-ci ilin iyulun 1-dən qüvvəyə minib. İnanıram ki, bu dəyişikliyin erkən və qohum nikahların qarşısının alınmasında böyük rolu olacaq. Övladlarının sağlam gələcəyi üçün Valideynlər bu işə daha ciddi yanaşacaq. Və nümunəvi valideynlərin sayı çoxalacaq.
Daha sonra müzakirələr oldu. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. İştirakçılar layihənin aktuallığını qeyd etdilər və tədbirlərin davamlı olmasını arzuladılar.
Ş. Dadaşova Xocavənd rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Hüseynova, Xocavənd rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-Siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə xanım Quliyevaya, İctimai -siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini -Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinova və Xocavənd kənd İƏD üzrə Nümayəndəsi Rövşən Babayevə tədbirin keçirilməsinə dəstəyinə görə təşəkkür etdi.
İştirakçılardan B.Rövşən, B.Esmira, H.Yeganə və digərləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdilər.
Tədbirdə 20 nəfər iştirak etdi. Sonda xatirə şəkili çəkildi.