İngiltərə millisinin və “Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını "Barselona"da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, 27 yaşlı futbolçu “Barselona”ya icarə əsasında transfer olunub. Bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.
İcarə müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər qüvvədədir və futbolçunun transfer hüququnun alınması üçün opsiya nəzərdə tutulur. İngiltərəli hücumçu yeni komandasında 14 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Markus Reşford “Mançester Yunayted” akademiyasının yetirməsidir. O, ötən mövsümün ikinci yarısını “Aston Villa”da icarədə keçirib. Ümumilikdə, başa çatan mövsümdə 41 oyuna çıxan futbolçu 11 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
2016-cı ildən İngiltərə milli komandasının formasını geyinən Reşfordun klub karyerasında iki İngiltərə Kuboku və iki Liqa Kuboku titulu da var.