AZ

KİV: Epşteynlə bağlı istintaq sənədlərində Trampın da adı var

BAKI, 24 iyul. TELEQRAF

ABŞ-nin ədliyyə naziri, baş prokuror Pem Bondi hələ bu ilin yazında Prezident Donald Trampa adının maliyyəçi Ceffri Epşteynin istintaq sənədlərində yer aldığı barədə məlumat verib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ administrasiyasının vəzifəli şəxslərinə istinadən“The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Bildirilir ki, Bondi və onun müavinləri mayda Ağ Evdə keçirilən iclasda Trampı bu məsələ barədə məlumatlandırıblar.

“Prezidentin adı bu sənədlərdə dəfələrlə qeyd olunur”, - qəzet vurğulayıb.

Bundan əlavə, qəzetin yaydığı məlumata görə, ABŞ administrasiyasının rəhbərinə yetkinlik yaşına çatmamış uşaqlara qarşı seksual cinayətlərdə ittiham olunmuş və intihar etmiş Epşteynin sənədlərində "bir çox tanınmış şəxslərin" adlarının olduğu bildirilib.

"İstintaq sənədlərində adın olması hüquq pozuntusunun əlaməti deyil", - WSJ yazır.

Bu arada, Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çun WSJ-nin bu xəbərini qəzetin "növbəti yalan materialı" kimi xarakterizə edib.

Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın "dəvət edildiyinə dair" sübutlar aşkarlayıblar. Epşteynin dostları arasında təkcə ABŞ-dən deyil, həm də bir çox başqa ölkələrdən olan siyasətçilər,sahibkarlar və şou-biznes ulduzları olub. ABŞ-də maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da, onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.

Tramp ötən il seçki kampaniyası zamanı dəfələrlə "Epşteyn işi" üzrə istintaq sənədlərinin məxfiliyini ləğv ediləcəyini və ifadələrin ictimaiyyətə açıqlanacağını vəd etmişdi.

Seçilən
76
teleqraf.com

1Mənbələr