ABŞ-ın baş prokuroru Pem Bondi bu ilin may ayında ABŞ prezidenti Donald Trampa onun adının maliyyəçi Ceffri Epşteynə qarşı açılmış cinayət işi üzrə materiallarda yer aldığını bildirib...
Poliqon xəbər verir ki, bu barədə *The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Prezidentə təqdim olunan məlumatda rəsmi şəxslərin fikrincə, həmin sənədlərdə Tramp da daxil olmaqla, bir çox şəxslə bağlı "yoxlanılmamış şayiələr"in olduğu qeyd olunub. WSJ-yə danışan mənbələrdən biri bildirib ki, sənədlərdə yüzlərlə digər şəxsin adı da çəkilir.
Baş prokuror Trampa bu məlumatı Ağ Evdə keçirilən “adi məlumatlandırma görüşü” zamanı çatdırıb. Sənədlərdə cənab Trampın adının çəkilməsi həmin görüşün əsas mövzusu olmayıb. Nəşrin vurğuladığına görə, Trampın adının bu sənədlərdə hallanması onun hansısa qanun pozuntusuna yol verdiyini göstərmir.
Həmin vaxt Pem Bondi Trampa bildirib ki, Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı başqa heç bir sənədi açıqlamaq niyyətində deyil. Nazirlik bu qərarı həmin materiallarda azyaşlılarla bağlı pornoqrafik məzmun və qurbanlara aid şəxsi məlumatların yer alması ilə izah edib.
Qeyd edək ki, Ceffri Epşteyn ABŞ-da azyaşlıları fahişəliyə cəlb etməkdə ittiham olunmuşdu. Bu gün məlum olub ki, Florida Ştatının Cənub Dairə Məhkəməsi prezidentin müraciəti əsasında Epşteyn işi üzrə Böyük münsiflər heyətinin iclaslarının stenoqramlarının açıqlanmasından imtina edib.
Poliqon.info