Onu fransalıların cəmi 19 faizi dəstəkləyir
Fransa Prezidenti Emmanuel Makrona dəstək səviyyəsi müşahidələr tarixində ən aşağı səviyyəyə düşüb və tarixi antirekord qeydə alınıb. Dövlət başçısını ölkə əhalisinin cəmi 19 faizi dəstəkləyir. Bu barədə xarici media xəbər verir.
Bildirilir ki, Makronun dəstək səviyyəsi heç vaxt şərti 20 faiz səviyyəsindən aşağı düşməyib. Hətta “sarı jiletlilər”in etirazlarının ən gərgin dövründə belə, onu dəstəkləyənlərin sayı 23 faizdə qalıb. Fransa rəhbərinin qınanılmasının əsas səbəbi dövlət maliyyəsinin ağır vəziyyətidir. Ölkənin dövlət borcu hazırda 3,3 trilyon avrodur. Büdcə kəsiri ilə mübarizə rəsmi Parisin əsas vəzifələrindən biri olaraq qalır.
Təqdim olunan 2026-cı il büdcə layihəsi Makronun reputasiyasına əlavə zərbə vurub. Layihəyə görə, pensiya və digər sosial müavinətlər 2025-ci illə müqayisədə artmayacaq və inflyasiyaya görə indeksləşdirilməyəcək. Eyni zamanda prezident 2027-ci ildə Fransanın müdafiə büdcəsinin 64 milyard avro olacağını açıqlayıb ki, bu da 2017-ci ildə xərclənən məbləğdən iki dəfə çoxdur. Dövlət vəsaitlərinin bölüşdürülməsinə bu cür yanaşma çoxlarının hiddətinə səbəb olub. Bir çox fransız büdcə layihəsini sosial cəhətdən ədalətsiz adlandırıb. Çox güman ki, büdcə layihəsi ilə bağlı güclü mübahisələr növbəti hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Məsələn, “İzvestiya” yazır ki, Makron heç vaxt sosial siyasətə üstünlük verməmişdir və o, fransızlar tərəfindən zənginlərin maraqlarını qoruyan lider kimi qəbul edilir. Xüsusən, sosial vergilərin artması qəzəb doğurub. Bu, ilk növbədə pensiyaçılara təsir edib.
Makronun hakimiyyəti dövründə insanlar sosial məsələlərə, xüsusən də vergilərin artırılmasına və pensiya islahatlarına diqqət çəkmək üçün dəfələrlə küçələrə çıxıblar. Amma Makronun vədlərinə baxmayaraq, əhalinin tələbləri tam nəzərə alınmayıb. Fransa Prezidenti və onun tərəfdaşları ilk növbədə sadə vətəndaşların hüquqlarını qorumaq üçün deyil, Parisin beynəlxalq mövqelərini gücləndirmək üçün çalışıblar.
Ordunun və hərbi proqramların belə genişmiqyaslı maliyyələşdirilməsi digər sahələrin eyni dərəcədə genişmiqyaslı modernləşdirilməsi ilə müşayiət olunmur. Silahlı qüvvələrin ən müasir texnologiyalarla təmin olunması sabit və uzunmüddətli investisiyalar tələb etdiyi üçün çoxları qorxur ki, müdafiə xərcləri hətta sosial cəhətdən həssas qrupların həyat səviyyəsinin minimum səviyyədə saxlanmasına aid olan maddələri büdcədən çıxara bilər. Bu, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının narahatlığını artırır.
Ölkənin səhiyyə sektorunda vəziyyət kifayət qədər ağır olaraq qalır. Makronun özü də səhiyyə sistemində maaşların azlığı və tibb sahəsində gənc kadr çatışmazlığı problemlərini etiraf edir. Eyni zamanda o, yaxın 10 ildə vəziyyətin daha da pisləşə biləcəyini gizlətmir. Artan inflyasiyanın və səhiyyə sisteminə təzyiqin fonunda isə ölkə rəhbərliyinə inam reytinqləri aşağı düşməkdə davam edir.
Makrona dəstəyin son dərəcə aşağı səviyyədə olduğu bir vaxtda Fransada genişmiqyaslı etirazların riski qalır. Hazırda əhali arasında hakimiyyətə inamsızlıq yüksək səviyyədədir. Makrona əhalinin beşdəbirindən azının etibar etdiyi indiki vəziyyətdə hətta nisbətən kiçik siyasi və ya iqtisadi təkan belə, yeni etirazlara səbəb ola bilər.
Rizvan CƏFƏROV,
“Azərbaycan”