AZ

Çin Rusiya sərhədində yeni “logistika hava limanı” tikir

Yazını böyüt
Yazını kiçilt

Çinin şimal-şərqində, Rusiya ilə həmsərhəd sənaye şəhəri Heqanqda yeni böyük hava limanı və tikintisi planlaşdırılan obyektlər gündəmdədir.

Hafta.az-ın yazdığına görə, “South China Morning Post” (SCMP) qəzetinə danışan ekspertlərin fikrincə, 2027-ci ildə açılması planlaşdırılan Luubey hava limanı Heqanqın iqtisadiyyatını canlandırmaq və Rusiya ilə logistikanı gücləndirmək istiqamətində mühüm addım ola bilər. Layihənin 1,2 milyard yuana (təxminən 167 milyon dollar) başa gələcəyi, illik 450 min sərnişin və 1600 ton yük daşıma qabiliyyətinə malik olacağı gözlənilir.

2,5 kilometrlik uçuş-enmə zolağı və 5 min kvadratmetrlik terminal binası ilə planlaşdırılan hava limanı xüsusilə transsərhəd daşımalar üçün strateji mövqe tutur.

"Bu cür infrastruktur sərmayələri kiçik şəhərlərə iqtisadi sıçrayış yaratmağa ümid verir. Bununla belə, sərnişin və yük daşımaları gözləntiləri doğrultmasa, hava limanının dayanıqlığı şübhə altına düşəcək", - Honq Konqdakı Hang Seng Universitetindən Devid Vonq deyib. Vonq bildirib ki, Heqanqın Rusiyaya yaxınlığı şəhəri regional logistika mərkəzinə çevirə bilər.

Çinin Rusiya ilə ticarət həcmi 2024-cü ildə 1,9 faiz artaraq 244,8 milyard dollara çatıb. Həmin dövrdə Rusiyanın Çinə ixracı 1 faiz artaraq 129,3 milyard dollara yüksəlib. Xüsusilə metal filizləri və konsentratlarının idxalı əhəmiyyətli dərəcədə artıb.

Bu arada, SCMP, Çin daxilində kiçik və orta ölçülü hava limanlarının əksəriyyətinin maliyyə itkiləri ilə üzləşdiyini qeyd edərək, mülki aviasiya sektorunun itkilərinin 2024-cü ildə 13 milyard yuanı (1,8 milyard dollar) keçdiyini vurğulayıb. Heqanq şəhəri son 15 ildə həm əhali, həm də iqtisadi məhsuldarlıqda azalıb, əhalisi isə 1,1 milyondan 850 minə düşüb, ÜDM-i 2022-ci ildəki 5,7 milyard dollardan 2024-cü ildə 5,2 milyard dollara geriləyib.

Seçilən
54
hafta.az

1Mənbələr