AZ

"YouTube"un reklam gəlirləri 10 milyard dollara yaxınlaşıb

"YouTube" yayımlama bazarındakı liderliyini davam etdirir.

Valyuta.az xəbər verir ki, "Alphabet" şirkətinin (Google-un ana şirkəti) çərşənbə günü açıqladığı ikinci rüb maliyyə hesabatına əsasən, platformanın reklam gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 9,8 milyard dollara çatıb.

Bu göstərici ötən ilin ikinci rübündə 8,7 milyard dollar idi.

Şirkət analitiklərin gözləntilərini bir qədər üstələyib. Onlar "YouTube"un ikinci rüb üzrə reklam gəlirlərinin 9,6 milyard dollar olacağını proqnozlaşdırırdılar.

"YouTube" uzun illərdir ki, xüsusilə televiziyada artan populyarlığı fonunda, televiziya reklam bazarındakı payını artırmağa çalışır. "Nielsen" şirkətinin son hesabatına görə, "YouTube" ardıcıl üç ay ərzində televiziya izləmə sahəsində ən böyük paya sahib olub və ümumi televiziya izləmə vaxtının 12,4%-ni təşkil edib.

"YouTube"un bu uğuruna cavab olaraq, "HBO Max" və "Amazon Prime Video" kimi rəqib yayımlama platformaları reklam strategiyalarını gücləndirib və reklam yerləşdirmələrini artırıblar.

Bundan əlavə, "Netflix" də "YouTube" üçün mühüm rəqibə çevrilməkdədir. Şirkət ötən həftə keçirilən maliyyə hesabatı zəngində cari il ərzində reklam gəlirlərini ikiqat artırmaq niyyətində olduğunu açıqlayıb. Hərçənd "Netflix" rəsmi olaraq reklam gəliri ilə bağlı məlumat paylaşmayıb, "Madison & Wall" şirkətindən olan bir analitik bu göstəricinin təxminən 3 milyard dollar olduğunu bildirib.

Sərvanə Rəmixanova

Seçilən
113
valyuta.az

1Mənbələr