Madridin "Atletiko" klubu Niderlandın "Feyenoord" klubunun mərkəz müdafiəçisi David Hançkonun transferi ilə bağlı razılığa gəlib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Slovakiya millisinin üzvü ilə müqavilə tibbi müayinədən uğurla keçəcəyi təqdirdə imzalanacaq.
"Atletiko" 27 yaşlı futbolçunun keçidi üçün "Feyenoord"a 30 milyon avro məbləğində sabit ödəniş və əlavə bonuslar ödəyəcək.
Qeyd edək ki, bir müddət əvvəl David Hançkonun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçidi baş tutmamışdı. Futbolçu artıq klubun bazasında olsa da, son anda müqavilə rəsmiləşməyib. "Əl-Nəsr" və "Feyenoord" klubları 35 milyon avro və əlavə 5 milyon avro bonuslar qarşılığında razılığa gəlmişdi. Lakin səudiyyəlilər gözlənilmədən transferdən imtina ediblər.
2023/24 mövsümündə David Hançko "Feyenoord"un heyətində bütün turnirlərdə ümumilikdə 47 oyunda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 30 milyon avro təşkil edir.