AZ

Acı həqiqət: Peşə məktəblərinə zəif oxuyanların yolu kimi baxılır

Sənətkarlıq sahəsində çalışanların qazancı sabit və yüksək olmadığından bu sahəyə meyil edən gənclərin sayı azalır.

Bu sözləri AzEdu.az-a  açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. 

Onun sözlərinə görə sənətkarlığa marağı artırmaq üçün bu sahənin prestiji yüksəldilməli, uğurlu nümunələr cəmiyyətə tanıdılmalı, təhsil infrastrukturu müasirləşdirilməli və əmək bazarına inteqrasiyası təmin olunmalıdır:

"Əksər hallarda peşə məktəblərinə və sənətkarlıq sisteminə zəif oxuyanların yolu kimi baxılır. Bu isə uzun illər formalaşmış yanlış stereotiplərlə bağlıdır. Ailə və cəmiyyətdə açıq şəkildə ali təhsil daha prestijli hesab olunur. Bu səbəbdən də gənclərin və valideynlərin seçimlərinə təsir göstərir və onlar sənət sahələrinə yönələ bilmirlər. Əmək bazarında bu ixtisaslar üzrə gəlir gözləntiləri aşağıdır. Yəni, sənətkarlıq sahəsində çalışanların qazancı sabit və yüksək olmadığından bu sahəyə meyil edən gənclərin sayı azalır.

Ümumiyyətlə, rəqabətli əmək bazarında bu ixtisas sahiblərinin öz sektorunda iş tapması çətin ola bilər. Xüsusilə də məşğulluq baxımından bu belədir. Həmçinin ənənəvi sənətkarlıq növlərinə olan tələbat da azalıb. Çünki sənaye istehsalı bu sahələri ya əvəz edir, ya da kütləvi şəkildə ucuzlaşdırır. Gənclər daha çox rəqəmsal və texnoloji ixtisaslara yönəlirlər. Peşə məktəblərinə isə əsasən aşpazlıq, təmir kimi sahələr üzrə üz tuturlar və bu sahələrdə gələcək perspektiv zəifdir. Bundan əlavə, sənətkarlıq istiqamətli peşə ixtisaslarına marağın azalmasının həm ictimai-iqtisadi, həm də təhsil sistemi ilə bağlı səbəbləri var.

Azərbaycanda peşə təhsili, xüsusən də sənətkarlıq sahəsi daha çox ikinci dərəcəli təhsil kimi qəbul olunur

"Bu isə sənətkarlıqla məşğul olan şəxslərin cəmiyyətdə sosial nüfuzunun zəif olması ilə nəticələnir. Bu da sahəyə seçimin azalmasına mənfi təsir göstərir. Bu sahədə çalışanların gəliri çox sabit və yüksək deyil. Ümumiyyətlə, rəqəmsal texnologiyalar, IT, dizayn və logistika kimi sahələrə maraq sənətkarlıq sahələrini geri plana salır. Sənətkarlığa marağı artırmaq üçün bu sahənin prestiji yüksəldilməli, uğurlu nümunələr cəmiyyətə tanıdılmalı, təhsil infrastrukturu müasirləşdirilməli və əmək bazarına inteqrasiyası təmin olunmalıdır.

Gənclərə karyera perspektivləri və dəstək mexanizmləri göstərilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, bəzi peşə məktəblərinin infrastrukturu köhnəlib və tətbiq olunan tədris proqramları müasir əmək bazarının tələblərinə cavab vermir. Bu sahələrin əhəmiyyəti barədə cəmiyyətdə geniş maarifləndirmə işləri aparılmalıdır. Yekun olaraq, sənətkarlıq peşələrinə marağın azalması həm sosial-iqtisadi, həm də təhsil sistemindəki çatışmazlıqlarla birbaşa əlaqəlidir".

Seçilən
87
azedu.az

1Mənbələr