Qərbi Azərbaycandan olan soydaşlarımızın çoxunun yaxşı tanıdığı rəhmətlik Talıb Musayevin həyatı nəinki “Ermənistan” adlanan ərazidə 1988-ci ilədək yaşamış azərbaycanlıların, ümumiyyətlə Azərbaycan xalqının mədəni və siyasi tarixində əhəmiyyətli bir yer tutur. Uzun illər boyunca Ermənistan SSR-in müxtəlif bölgələrində dövlət və ictimai vəzifələrdə çalışan Talıb müəllim Azərbaycan milli kimliyinin və mədəni irsinin qorunması üçün əvəzsiz xidmətlər göstərmişdir. Bu məqalədə Talıb Musayevin həyatı, fəaliyyəti və onun Azərbaycanın və erməni xalqı ilə əlaqəli fəaliyyətinin müasir dövrdə necə qiymətləndirilməsi, həmçinin onun 2008-ci ildə nəşr edilmiş "Ermənilər və faciələrimiz" adlı əsərindəki əhəmiyyətli məlumatları təqdim edəcəyik.
Öncə görkəmli ictimai-siyasi xadimin tərcümeyi halına qısa nəzər salaq:
Talıb Qurban oğlu Musayev 1908-ci ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur. 1936-cı ildə Basarkeçər rayon komsomol komitəsinə I katib seçilib. 1937-ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçilir. 1938-ci ildə Göyçə mahalının Zod kəndində ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq qiyabi olaraq İrəvan pedaqoji institutuna daxil olub. 1943-cü ildə həmin institutu ali təhsil diplomu ilə bitirib.
1939-cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942-ci ildə Qarabağlar, 1946-cı ildə isə Basarkeçər Rayon Partiya Komitəsinin I katibi təyin olunub. 1948-ci ildə vəzifəsinin icrasında qalmaqla Moskvada marksizm-leninizm kursunu da oxumuşdur.
Talıb Musayev bir müddət sonra Ermənistan SSR Ali Sovetinin sədrinin birinci müavini vəzifəsinə yüksəlib. O bir neçə dəfə Ermənistan SSR Ali Sovetinin üzvü seçilib.
21 fevral 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.
Talıb Musayev 4 aprel 2005-ci ildə dünyasını dəyişib. Abşeron rayonunda Mehdiabad qəbiristanlığında dəfn olunub.
Gənclik illəri və erkən həyat...
Talıb Musayev erkən yaşlarından həyatın çətinlikləri ilə üzləşməsinə rəğmən məğrur və mübariz bir şəxsiyyət kimi böyüyüb. Valideynlərini erkən yaşda itirməsi də sanki onun həyatda daha sərt, daha iradəli olmasında öz rolunu oynayıb. Zəhmət və çətinliklər qarşısında əyilməyən Talıb uşaq yaşlarından dəyanətlə bacısının da qayğısına qalıb.
Körpəlikdən həm özünün, həm də bacısının böyüməsindəki çətinlikləri anladıqca onun təhsilə və elmə olan marağı artıb. Çoxları kimi o da 1920-1930-cu illərin ağır şəraitində təhsil almaq imkanı əldə etmək üçün böyük çətinliklər çəkib. Amma bu əzmkarlığı ona qısa müddətdə böyük uğurlar qazandırmışdır...
Təhsil illəri və Sovet dövründəki fəaliyyəti...
1920-ci illərin sonlarına doğru 12 yaşlı Talıb Musayev təhsilini davam etdirmək üçün Naxçıvana yola düşüb. Oraya səfəri çox çətin keçmiş, bu dövr onun həyatında heç vaxt unudulmaz izlər qoymuşdur. Təhsili baş tutmasa da, onun Naxçıvana piyada ermənilər yaşayan kəndlərdən keçərək, real təhlükələri göz önünə alaraq getməsi gənc Musayevin siyasi iradəsinin və səbrinin simvolu oldu...
1929-cu ildə İrəvanda azərbaycanlılar üçün açılmış ticarət məktəbinə daxil olaraq iki ilə həmin məktəbi bitirən Talıb Musayev iş həyatına başlayaraq çox keçmədən öz bacarıq və intellekti ilə diqqətləri üzərinə çəkib. 1930-cu illərdəki kolxozlaşma prosesinə daxil olmaqla ölkənin idarəetmə sahələrində mühüm vəzifələrə yüksəlib. Hətta onun bu sahədəki fəaliyyətləri Sovet hökumətinin mərkəzi aparatını belə, təəccübləndirmiş və onu kolxoz qurucusu kimi yüksək vəzifələrə irəli çəkmişlər.
Onu da qeyd edək ki, 1930-cu illərə kimi Talıb Musayevin doğum sənədlərində, komsomol, partiya biletində, pasportunda milliyyəti "türk", sonrakı illərdə isə "Azərbaycanlı" kimi göstərilib...
1930-cu illərdən 1950-ci illərə qədər Musayev müxtəlif dövlət vəzifələrində çalışıb, həmçinin Ermənistan SSR Ali Sovetinin sədr müavini və bir neçə dəfə Ali Sovetinə üzv seçilib. Qərbi Azərbaycandakı soydaşlarımızın haqq və hüquqlarını bacardıqca müdafiə etdiyinə görə onun adı erməni siyasi dairələrində tez-tez hallanır, lakin Talıb müəllim heç zaman erməni millətçilərinin təzyiqləri qarşısında geri çəkilib. Talıb Musayev qədim Qərbi Azərbaycan torpaqlarında - bolşevik-sovet Rusiyasının öz imperiya maraqları üçün tamamilə qanunsuz şəkildə qondardığı Ermənistan SSR-də yaşayan Azərbaycan xalqının hüquqlarını, mədəniyyətini və torpaqlarını hər zaman müdafiə etməyə çalışıb...
Göyçə və Basarkeçər üçün əvəzsiz xidmətlər...
Talıb Musayevin həyatı xüsusilə Göyçə və Basarkeçər ərazilərindəki fəaliyyətləri ilə sıx bağlıdır. Göyçə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olaraq hər zaman erməni millətçilərinin hədəfində olub...
Sovet-rus imperiyasının 1948-1950-ci illərdəki deportasiya siyasətinə qarşı çıxan Talıb müəllim Göyçənin və ümumiyyətlə, “Ermənistan”ın digər bölgələrindəki soydaşlarımızın ilan mələyən Mil-Muğan çöllərinə köçürülməsinin qarşısını almaq üçün o dövr üçün mümkün olanı etmişdir...
Burada bir epizodu xüsusi olaraq qeyd etmək gərəkdir: Bildiyiniz kimi, 1948-53-cu illərdə Ermənistandan min bir işgəncə ilə qovulan əhalinin əksər hissəsi Kür-Araz ovalığında yerləşdirildi və çoxları istinin qurbanı oldu. Dağ rayonunun əhalisi yenidən isti, ilan mələyən yerlərə köçürülməsinə qarşı çıxan Talıb Musayev irqçi, şovinist xislətli erməni rəhbərlərə öz sözünü qorxmadan, mərdi- mərdanə deməklə bir daha heç kimdən çəkinmədiyini sübut etdi. Talıb Musayevin belə çıxışları Ermənistan rəhbərlərini bərk sarsıtdı. Böyük təzyiqlərə məruz qalsa da, həmvətənlərinə, soydaşlarına xeyirxahlığını, köməkliyini əsirgəmədi. Ermənistan SSR rəhbərliyi çox tezliklə onu tutduğu postdan kənarlaşdırıb zərbə vuracaqdılar. Bunu bilsə də, Talıb müəllim 1948-ci il yanvarın 22-də Bakıya gəlir. Güc-bəla ilə Mircəfər Bağırovun qəbuluna düşə bilir. Mircəfər Bağırov Talıb Musayevi sərt qarşılasa da, Talıb Musayev öz müdrikliyi ilə Mircəfər Bağırovu haqq yoluna dəvət edib, Azərbaycan türklərinə kömək etməyin vacibliyini vurğulayır. Bu tarixi görüşdən sonra Talıb Musayevin xeyirxahlığı sayəsində ilkin olaraq Zod kəndindindən 60-70 ailə o vaxtkı Xanlar(indiki Göygöl) rayonuna yerləşdirilir...
Bundan sonra 1951-ci ildə bir daha Ermənistan hökuməti rəhbərləri qarşısında da lazımi tələblər qoymaqla Talıb müəllim yalnız Göyçədən 600 ailənin köçürülməsinin qarşısını ala bilib. Həmin dövrdə ermənilər tərəfindən göstərilən təzyiqlərə baxmayaraq T.Musayev soydaşlarımızın deportasiyasına qarşı mümkün mübarizəsini davam etdirib.
Göyçə mahalında, xüsusilə kəndlərdə təhsil sisteminin formalaşmasında da Talıb müəllimin böyük zəhməti vardır. O doğma kəndinin inkişafına da xüsusi diqqət ayırmış və yüksək səviyyəli mütəxəssisləri Nərimanlıya gətirmişdir. Bütün bunlar onun ümumiyyətlə, Azərbaycan xalqının inkişafına olan dərin qayğısının əlamətidir...
Azərbaycan torpaqlarında Zod qızıl yatağının aşkarlanması və sovet dövrünün siyasi oyunları...
Talıb Musayevin həyatının başqa bir mühüm mərhələsi də Zod qızıl yatağının aşkar edilməsi ilə bağlıdır. 1950-ci illərdə Azərbaycan SSR və Ermənistan SSR sərhədində yerləşən, əslində isə qədim dövrlərdən bütövlükdə Azərbaycan xalqına məxsus olan bir ərazidə Zod kəndi yaxınlığında böyük qızıl ehtiyatları aşkarlanıb. Bu mədən o dövr üçün həm Azərbaycanın, həm də Ermənistanın iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edirdi. Lakin SSRİ rəhbərliyinə qədər yüksələ bilmiş daşnak Anastas Mikoyanın məkri siyasəti sayəsində Ermənistan hökuməti bu mədəni öz əlinə keçirmək üçün müxtəlif siyasi oyunlar oynamış və Talıb Musayevin sərt müqavimətinə baxmayaraq, bu yataqların Ermənistana verilməsi üçün çalışıb...
Talıb Musayev bu məsələdəki prinsipial mövqeyini hər zaman qorumuş, mədənlərin Azərbaycan torpaqlarında olması faktını gündəmə gətirərək bu məsələnin həllinə dair ciddi tələblər irəli sürmüşdür. Hətta, Sovet hökumətinin mərkəzi orqanlarına bu məsələnin həlli üçün öz təkliflərini təqdim etmişdir. Bu məsələ, onun güclü siyasi və iqtisadi bacarıqlarını, həmçinin Azərbaycanın hüquqlarını qorumaq yolunda olan qətiyyətini nümayiş etdirmişdir...
Talıb Musayev “Ermənilə və faciələrimiz” əsərində Zod qızıl yatağı uğrunda mübarizəsi haqda danışdıqdan sonra belə yazır:
“O vaxtlar Azərbaycanın müstəqil olması ürəyimizdən keçsə də, bizə xəyal kimi görünürdü. Yəqin ki, müstəqil olsaydı, respublika öz halal sərvətini- Kəlbəcər qızılını ermənilərə güzəştə getməzdi. Mən bu fikirləri məhz on görə yazıram ki, yeni nəsil gənclərimiz çətinliklə əldə etdiyimiz müstəqilliyimizi göz bəbəyi kimi qorusunlar, onun yolunda canlarını belə, əsirgəməsinlər. Cavanlardan xahişim budur ki, Vətəni sevsinlər. Onu əldə etmək nə qədər çətindirsə, əldə saxlamaq da bir o qədər çətindir. Torpaqlarımızın bir qarışını da heç kimə güzəştə getmək olmaz. Tariximizdə müharibələr, qələbələr, məğlubiyyətlər çox olub... Əminəm ki, bu gün ermənilərin minbir fırıldaqla müvəqqəti işğal etdikləri ərazilərimiz qaytarılacaq və ildə 6-7 ton qızıl verən qızıl yataqlarımız da öz həqiqi sahibinə, özümüzə çatdırılacaqdır...
Bir daha yadda saxlayın ki, qızıl çıxan torpaqlar Azərbaycanın olub. Azərbaycanın da olmalıdır. Bunu gələcək nəsillər yaxşı bilməli və torpaqlarımızın azad olunması uğrunda əllərindən gələni əsirgəməməlidirlər. Yaxşı olardı ki, Kəlbəcər tərəfdən qızılçıxarmaşı dərhal başlansın. Kəlbəcər işğaldan azad edilən kimi bu işə başlansa, xeyli iş yeri açılar və Ermənistanla sərhəddimiz daha möhkəm olar...”
Allahın köməkliyi ilə Azərbaycan dövlətinin uğurlu xarici və diplomatik siyasəti, şəhid və qazilərimizin canı-qanı sayəsində 2020-2023-cü ildə Ermənistanın Rusiya imperiyasının dəstəyi ilə işğal altında saxladığı torpaqlarımız. O cümlədən Zod(Söyüdlü”) qızıl yatağının xeyli hissəsinin yerləşdiyi Kəlbəcər rayonu ərazisi işğaldan azad edildi və Azərbaycan dövləti həmin qızıl yatağının böyük hissəsini öz nəzarətinə götürdü...
İnşəAllah, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı da təmin edildikdən sonra Talıb Musayevin ürəyində Haqq dünyasına apardığı arzular həyata keçəcək...
Təsirli və unudulmaz irs
Talıb Musayevin əvəzsiz xidmətləri sadəcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. O həmçinin, Azərbaycanın mədəni və mənəvi irsinin qorunmasına böyük diqqət ayırmışdır. Musayevin həyatı, Azərbaycanın tarixi ilə bağlı bir çox qiymətli məlumatların qorunmasına və gələcək nəsillərə ötürülməsinə şərait yaratmışdır. "Ermənilər və faciələrimiz" adlı əsəri təkcə Musayevin deyil, bütün bir xalqın yaşadığı faciələri və tarixini əks etdirən qiymətli bir qaynaqdır. Kitabında qeyd etdiyi tarixi faktlar, bir çox digər mənbələrdə qeyd edilməmiş məlumatlarla zəngindir və bu əsər onun ömür boyu verdiyi mübarizənin nəticəsi olaraq qiymətləndirilə bilər...
Sonluq...
Talıb Musayevin həyatı və fəaliyyəti, Azərbaycanın və ümumilikdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması istiqamətində böyük bir nümunə təşkil edir. O, yalnız öz xalqı üçün deyil, həm də bütün insanlıq üçün təhsil, elm, və hüquq sahələrində mübarizə aparmış bir şəxsiyyət olaraq tarixə adını yazdırmışdır. Onun mübarizəsi və sarsılmaz iradəsi, gələcək nəsillərə həm əzm, həm də müdriklik nümunəsi olmaqda davam edir. Bu yazının məqsədi də onun həyatını, xidmətlərini və bu xidmətlərin bizim üçün əhəmiyyətini təhlil etmək, gənc nəsilə bir örnək kimi təqdim etməkdir...
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Liberal Maarifçilik Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Qərbi Azərbaycan - maddi mədəni irsimiz” adlı layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.