AZ

İsraildən İordaniya Qərb Sahilini ilhaq etməyə çağırış – Türkiyə və İordaniyadan sərt etiraz

BAKI, TurkicWorld

İsrail parlamenti (Knesset), hökumətə 1967-ci ildən işğal etdiyi İordaniyanın Qərb Sahilini ilhaq etməyə çağıran qərarı qəbul edib.

TurkicWorld xəbər verir ki, qeyri-qanuni hüquqi status daşıyan sənəd, İsrailin Fələstin torpaqlarındakı mövqeyini daha da sərtləşdirməsi kimi qiymətləndirilir.

120 üzvdən ibarət Knessetdə keçirilən səsvermədə 71 deputat qərarın lehinə, 13-ü isə əleyhinə səs verib. Qalan deputatlar bitərəf qalıb.

Qəbul edilən qərarda, İordaniyanın Qərb Sahili “Yəhudi xalqının tarixi, mədəni və mənəvi vətəni” və “İsrail dövlətinin ayrılmaz tərkib hissəsi” kimi təqdim olunur. Sənəddə eyni zamanda, bu ərazilərdə Fələstin dövlətinin qurulmasına qarşı çıxılır və belə bir addımın “İsrailin varlığı üçün təhlükə” yaradacağı iddia edilir.

Qərar, hüquqi baxımdan bağlayıcı olmasa da, hökumətə bu istiqamətdə hərəkətə keçmək üçün çağırış xarakteri daşıyır. Həmçinin, işğal altındakı ərazilərdə salınmış yəhudi məskənlərinə İsrail suverenliyinin tətbiqi təklif edilir.

Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlamasında qərarı qəti şəkildə pisləyib.

“İsrail parlamentində qəbul edilən bu qərar, beynəlxalq hüquq baxımından heç bir qüvvəyə malik deyil və qanunsuzdur. Qərar bölgədəki sülh səylərinə ciddi zərbə vurur”- deyə Türkiyə XİN-dən bildirilib.

Nazirlik, İsrailin ilhaq planlarını sülh prosesinə qarşı yönəlmiş qanunsuz və təxribat xarakterli addımlar adlandırıb.

İordaniya Xarici İşlər Nazirliyi də sərt bəyanatla çıxış edərək, bu qərarı “iki dövlətli həll perspektivinə açıq hücum” kimi qiymətləndirib.

“İsrailin işğal altındakı İordaniyanın Qərb Sahilində suverenlik iddiası əsassızdır. Bu cür addımlar beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozur”- deyə nazirlik sözçüsü Sufyan əl-Kudat bildirib.

HƏMAS Hərəkatı da məsələ ilə bağlı bəyanat yayaraq, Knessetin qərarını “geçərsiz və qeyri-legitim” adlandırıb. Həmas, beynəlxalq ictimaiyyəti İsrailin bu addımlarına qarşı çıxmağa çağırıb.

Seçilən
92
50
turkic.world

10Mənbələr