AZ

Asiyada daha bir müharibə qızışır | VİDEO

AzVision.az xəbər verir ki, bu barədə yerli mənbələrə və rəsmilərin açıqlamalarına istinadən “Reuters” agentliyi məlumat yayıb.

Kamboca tərəfinin dediyinə görə, münaqişə Tayland qoşunlarının səbəbsiz müdaxiləsi ilə başlayıb və bu, ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirilib.

Kamboca Milli Müdafiə nazirliyinin sözçüsü general-leytenant Mali Soçheat bildirib ki, Kambocanın Silahlı qüvvələri özünümüdafiə hüququ çərçivəsində əks-hücum əməliyyatına başlayıb.

“Khmer Times” qəzeti döyüşlərin yerli vaxtla saat 07:30-da mübahisəli sərhəd bölgəsi yaxınlığında baş verdiyini yazıb.

“Yerli sakinlər hər iki tərəfin ağır silahlardan istifadə etdiyini göstərən güclü atışma və partlayış səslərinin gəldiyini bildiriblər. Daha sonra, saat 11:30-da Tayland Hərbi Hava qüvvələrinə (HHQ) məxsus F-16 qırıcıları Preahvihear əyaləti ərazisində Kamboca ordusunun mövqelərinə hava hücumu həyata keçirib, bu, münaqişədə ilk dəfə aviasiyadan istifadə edilməsinin təsdiqidir”,- nəşr vurğulayır.

Döyüşlərin şiddətlənməsi fonunda Tayland hakimiyyəti dörd sərhəd əyalətinin - Surin, Buriram, Sisaket və Ubonratçathani sakinlərinin təxliyəsinə göstəriş verib. Bundan başqa, Tayland Kamboca ilə bütün sərhəd keçidlərini bağladığını da elan edib.

Sərhəddə vəziyyət son dərəcə gərgin olaraq qalır. Hər iki tərəf öz mövqelərini möhkəmləndirməkdə davam edir və vəziyyətin daha da gərginləşməsi riski səngimir.


Sahil İsgəndərov
AzVision.az

Seçilən
43
2
azvision.az

3Mənbələr