“…Belə "reytinqlər" biznes məqsədi ilə yaradılıb və geridə qalan, təhsildə heç bir nailiyyəti olmayan ölkələrin universitetlərinin əhəmiyyətsiz meyarlar üzrə "irəliləməsi" görüntüsü yaradılmasına xidmət edir...”
Tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “ “QŞ” yenə heyrətləndirir?” başlıqlı növbəti yazısını dəyərli Moderator.az oxucularının nəzərinə çatdırırıq:
“QS” reytinq agentliyi son illər dünya universitetlərinin əcaib reytinq cədvəlləri ilə bizləri heyrətləndirir. Yenə də elmə və təhsilə, universitetin keyfiyyətinə, inkişafına aidiiyyatı olmayan qəribə "meyarlar" üzrə yeni reytinq təsnifatı irəli sürüb. Əvvəllər də qeyd etdiyimiz kimi, belə "reytinqlər" biznes məqsədi ilə yaradılıb və geridə qalan, təhsildə heç bir nailiyyəti olmayan ölkələrin universitetlərinin əhəmiyyətsiz meyarlar üzrə "irəliləməsi" görüntüsü yaradılmasına xidmət edir...
Deyəsən, “QS” reytinq agentliyi də daha “PHŞ” olub, nə yolla olursa-olsun, biznes maraqların təminatına, pul qazanmağa çalışır.
“Dünyanın ən yaxşı tələbə şəhərləri” üzrə 2026-cı il reytinqinə əsasən Bakı şəhəri 117-ci yerdə qərarlaşıb, reytinqdə vəziyyəti nisbətən yaxşılaşıb...
Reytinq meyarları:
▪️ Ali təhsil müəssisələrinin beynəlxalq nüfuzu (bu bizdə çox aşağı həddədir).
▪️ Şəhərin cəlbediciliyi və təhlükəsizliyi
▪️ Tələbə mühiti və həyat keyfiyyəti (aşağı həddədir)
▪️ Məzunların iş tapmaq imkanları (bu da aşağı səviyyədədir)
▪️ Yaşayışın əlçatanlığı və qiymət səviyyəsi (qiymətlər çox yüksəkdir)
▪️ Tələbələrdən alınmış sorğu-anket nəticələri.
Göründüyü kimi, əslində bu meyarlar üzrə nəticələr çoz zəif olmalıdır, amma hansısa səbəbdən nəticələr şişirdilib, reallığa uyğun deyil.
“QS” reytinqi, deyəsən, doğrudan da tamamən biznes məqsədlərə xidmət edir. Bakı şəhərində olan 40 universitetin cəmi 1-2-sinin normal kampusu var. Cəmi 2-3 universitetin yataqxanası var, o da 5-6 % tələbatı ancaq ödəyir. Tələbələr çox baha qiymətə kirayə evlərdə qalır.
Şəhər nəqliyyatı daim tıxac, yollarında hərəkət iflic, tələbələr bu səbəbdən çox vaxt dərsə gecikirlər…
Tələbələrin təqaüdü az, bazarda hər şey baha, qiymətlər daim artır. 1 ildə 11 min tələbə təhsil haqqı ödəyə bilmədiyi üçün universitetdən xaric edilir…
Çox maraqlıdır, bu qədər problemlər olduğu halda, təhsildə və tələbə həyatında, məişətində nə inkişaf baş verdi ki, “QS” "reytinq"ində belə irəliləyiş oldu?..
Deyəsən, təhsilin inkişafına yönəlməli olan pullar, indi də reytinq agentliklərinin faydasız və şübhəli, real olmayan "məsləhətlərinə" səpələnir…
Peşəkarlıq olmayanda, işin mahiyyətini bilməyəndə menecerlər inkişaf yerinə belə "saqqal darağı" kimi meyarlarla öyünürlər…