AZ

Qəzza üçün 115 təşkilatın həyəcan siqnalı: "Sağ qalmağa ümid yoxdur"

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

"Üç gündür yemək yoxdur. Nə un, nə tərəvəz var. Heç nə yoxdur" - Qəzzanın cənubundakı hospitalda baş pediatr Əhməd Əl-Farra BBC-yə deyib.

O deyir ki, aclıqla üzləşmiş uşaqları xəstəxanaya gətirirlər və bəzilərinin həyatını xilas etmək olmur.

"Biz bu kritik ana çatacağımızdan narahat idik və indi o andayıq", - həkim Əhməd Əl-Farra deyir.

Həyəcan təbili çalan təkcə bu həkim deyil, aralarında Save the Children və Sərhədsiz Həkimlər təşkilatları da olan 115 yardım təşkilatı Qəzzada "kütləvi aclıq" barədə "həyəcan siqnalı" verib.

"Fələstinlilər üçün ümid və məyusluq bir-birini əvəz edir – yardım və atəşkəs gözləsələr də, hər səhər daha da pisləşən vəziyyətə oyanırlar", - onların bəyanatında deyilir.

İsrail Qəzzaya çatan təchizatın əhəmiyyətli dərəcədə azaldığını qəbul edib. Lakin İsrail rəsmiləri yardımı insanlara çatdıra bilməyən təşkilatları ittiham edir.

Yardım təşkilatları isə uzun müddətdir ki, yardımların paylanması üçün təhlükəsiz keçidlərin koordinasiyasında İsraillə ciddi problem yaşadıqlarını bildirirlər.

Ərzaq yaxındadır, amma insanlara çatmır

Yardım təşkilatlarının məktubunda deyilir ki, Qəzzaya hər gün ortalama 28 yük maşını gəlir.

Birləşmiş Millətlər Təşkilatına görə, 2 milyon insan üçün azı 600 yük maşını yardım lazımdır.

Yardım qrupları bildirirlər ki, tonlarla həyati vacib yardımın çatdırılması təklifi rədd edilib və İsrail yardımın artırılması ilə bağlı yalan vədlər verir.

İyulun 22-də İsrailin yardımların çatdırılmasını əlaqələndirən hərbi qurumu – COGAT israrla İsrailin beynəlxalq hüquqa uyğun hərəkət etdiyini bildirib.

COGAT qeyd edib ki, İsrail yardımın daxil olmasını asanlaşdırır, lakin, eyni zamanda bu yardımın Həmasa çatmamasını təmin edir.

İsrail hərbiyyəsinin sözçüsü Nadav Şoşani "950 maşınlıq ərzaq və ləvazimatların" videosunu paylaşaraq "beynəlxalq təşkilatların onları paylaşdırmalı olduğunu" deyib.

Yardım təşkilatları isə deyir ki, İsrail hökumətinin məhdudiyyətlərinə görə, yük maşınlarına çatmaq və onları paylamaq mümkün deyil.

"Qəzzada kütləvi aclıq yayılarkən, həmkarlarımız və yardım etdiyimiz insanlar aclıqdan əriyib yox olurlar", - təşkilatlar bildiriblər.

Onlar atəşkəsə, keçid nöqtələrinin açılmasına və "BMT mexanizmi" ilə ərzaq paylanmasına çağırış ediblər.

Son günlərdə Həmas tərəfindən idarə olunan səhiyyə nazirliyi azı 33 insanın aclıqdan öldüyünü açıqlayıb.

Təşkilatlar isə son iki ay ərzində yüzlərlə insanın yardım axtararkən həlak olduğunu bildirirlər.

1000-dən çox insan ərzaq axtararkən, 80 uşaq aclıqdan ölüb - qurumlar

BMT-nin Ocha humanitar agentliyi çərşənbə axşamı Qəzzada "sağ qalmaq üçün son ümidlərin sürətlə yoxa çıxması" barədə xəbərdarlıq edib.

Qurum yerli səhiyyə rəsmilərinə istinadən bildirib ki:

Həmas-ın idarə etdiyi səhiyyə nazirliyi son 48 saatda 12-si uşaq olmaqla 44 nəfərin aclıqdan öldüyünü açıqlayıb. Bununla da 80-ni uşaq olmaqla ölüm sayı 111-ə çatıb.

Qurum həmçinin bildirib ki, mayın 27-dən bəri ərzaq götürməyə gedən 1026 nəfər İsrail hərbçiləri tərəfindən öldürülüb.

BMT çərşənbə axşamı 1054 nəfərin ərzaq axtararkən İsrail hərbçiləri tərəfindən öldürüldüyünü açıqlayıb.

BMT bildirir ki, Qəzzanın 87.8 faizi ya İsrailin hərbi zonasıdır, ya da İsrail ora təxliyə əmri verib. Nəticədə 2.1 milyon insan cəmi 46 kvadrat kilometr əraziyə sığışmalı olub.

Həmas-ın idarə etdiyi səhiyyə nazirliyi müharibənin başladığı 7 oktyabr 2023-cü ildən bəri azı 59 min insanın öldürüldüyünü bildirib.

Həmas-ın İsrailin cənubuna 1200 nəfərin öldürüldüyü və 251 nəfərin əsir götürüldüyü hücumundan sonra İsrail həmin gün cavab əməliyyatına başlayıb.

ABŞ fələstinlilərə ərzaq paylanması üçün tətbiq edilən mübahisəli sistemi müdafiə edir.

BBC-nin bu sistemin aclığa səbəb olması sualına Dövlət Departamentinin sözçüsü cavab verib ki, hazırkı vəziyyət "işləyir".

O iddia edib ki, bu, Həmas-ın yardım əldə etməsini dayandırır.

Dövlət Departamentinin sözçüsü həm də buna müqavimət göstərməyi "qəribə" adlandırıb.

28 ölkə təcili sülhə çağırış edib, İsrail rədd edib

İyulun 21-də 28 ölkə dinc əhalinin iztirabları "yeni səviyyəyə çatdığını" deyərək Qəzzadakı müharibənin dərhal bitməsinə çağırış ediblər.

İsrail bu çağırışı rədd edib.

Avstraliya, Avstriya, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Niderland, Britaniya, İrlandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, İslandiya, Yaponiya, Kanada, Kipr, Litva, Latviya, Lüksemburq, Malta, Norveç, Polşa, Portuqaliya, Sloveniya, Yeni Zelandiya və Yunanıstanın birgə açıqlamasında, həmçinin deyilir ki, İsrailin yardımları paylama metodu təhlükəlidir, qeyri-sabitliyi artırır və qəzzalıları insan ləyaqətindən məhrum edir.

"Biz ən əsas ehtiyaclarını: su və qida ehtiyaclarını ödəməyə çalışan uşaqlar da daxil olmaqla, mülki şəxslərin vəhşicəsinə öldürülməsini və yardımların damcı-damcı paylanmasını pisləyirik", - bəyanatda deyilib.

Seçilən
90
bbc.com

1Mənbələr