Prezident tərəfindən təsdiqlənən Gömrük Məcəlləsinə dəyişikliklər gömrük borcunun ödənilməsi sahəsində məsul şəxslərin dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur.
QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, əvvəllər gömrük borcu “istənilən maraqlı şəxs” tərəfindən ödənilə bilərdi:
"Yeni dəyişikliklərlə bu ifadə “borclu şəxs” və ya Məcəllədə nəzərdə tutulan təminat üsulları (girov, bank qarantiyası, sığorta, zaminlik və s.) ilə əvəz edilib. Dəyişikliklər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil edilir. Digər şəxslər üçün isə əvvəlki ödəniş qaydaları qüvvədə qalır. Bu dəyişikliklərlə gömrük borcunun yalnız məsul və ya təminat verən şəxslər tərəfindən ödənilməsi hüquqi baxımdan aydın şəkildə tənzimlənəcək".
Pərvanə Fərhadqızı