Xabarovsk-Blaqoveşensk-Tında reysi ilə uçan An-24 təyyarəsinin qəzaya uğradığı əraziyə havadan baxış zamanı sağ qalanların olmadığı məlum olub, lakin yerüstü axtarışlar zamanı kiminsə sağ tapıla biləcəyi bildirilib.
Publika.az xəbər verir ki, bu barədə Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzindən “RİA Novosti”yə məlumat verilib.
Daha əvvəl bildirilib ki, axtarışlar zamanı yanan gövdə havadan aşkar edilib. Göyərtəsində 49 nəfərin (ekipajla birlikdə) olduğu təyyarənin qəzaya uğradığı əraziyə helikopter enə bilmədiyi üçün axtarış-xilasetmə qrupu piyada gedir.
Amur vilayətinin rəhbəri Vasili Orlov bildirib ki, təyyarədə 5-i uşaq olmaqla 43 sərnişin, həmçinin altı ekipaj üzvü olub. Ərazidə hava pis olub, uçuş gecikib. Prokurorluq araşdırmaya başlayıb, İstintaq Komitəsi təhlükəsizlik qaydalarının pozulmasına görə cinayət işi açıb.