AZ

İstanbul danışıqları:Rusiya və Ukrayna arasında sülh üçün dönüş nöqtəsi ola bilərmi?- ÖZƏL

"İstanbul danışıqlarının yekun sülhə gətirib çıxaracağını demək hələ tezdir. Amma ən azından münasibətlərin və əlaqələrin qurulması baxımından bu prosesi müsbət qiymətləndirmək olar. Üstəlik, bu danışıqlarda müəyyən nəticələr də əldə olunub. Yəni, tərəflər arasında qarşılıqlı anlaşma formalaşıb. Hətta əsirlərin və ya meyitlərin dəyişdirilməsi məsələsi də əvvəlki mərhələdə gündəmdə idi və indi də bu istiqamətdə qərar qəbul edilib. Hesab edirəm ki, bu özü də müsbət hal kimi dəyərləndirilə bilər."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Lakin ümumi nəticə hələlik göz önündə deyil. Bəs ümumi nəticə nə ola bilər? İlk növbədə, Ukraynanın da tələb etdiyi və bizim də ən məqbul hesab etdiyimiz qeyd-şərtsiz atəşkəsə nail olunmasıdır. Əgər belə bir atəşkəs əldə olunarsa, bu, artıq İstanbul danışıqlarının arzu olunan ilkin nəticə verdiyini göstərər.

Digər tərəfdən, atəşkəs əldə edildikdən sonra tərəflər masa arxasında digər məsələləri müzakirə etmək üçün imkan əldə edəcəklər və bu da sülhə aparan yolun başlanğıcı olacaq.

Tezliklə sülh əldə ediləcəkmi? Bunu deməyə tələsmirik. Çünki biz də bənzər bir vəziyyəti yaşamışıq - Qarabağ müharibəsi, torpaqlarımızın uzun illər işğal altında olması və Ermənistanın təcavüzkar siyasəti. Biz bu proseslərdə uzun illər masa arxasında danışıqlar aparmış, lakin nəticə əldə edə bilmədiyimiz üçün torpaqlarımızı öz gücümüzlə azad etmişik.

Ukrayna ilə bağlı da daim qeyd edirəm ki, ən məqbul variant "Qarabağ variantıdır". Yəni, əvvəlcə qeyd-şərtsiz atəşkəs əldə olunur, tərəflər masa arxasına əyləşir, Ukrayna zamanla güclənir, Rusiya isə zəifləməyə və dağılmağa doğru gedir. Zaman keçdikcə Rusiya da SSRİ və Çar Rusiyası kimi tarix səhnəsindən silinəcək və beləliklə, Ukraynanın problemi faktiki olaraq öz-özünə həll olunacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr