Fransanın "Marsel" klubu ABŞ millisinin üzvü Timoti Veanın transferi ilə bağlı "Yuventus"la danışıqları davam etdirir.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, 25 yaşlı vinger Fransa çempionatına qayıtmağa və Roberto De Zerbinin rəhbərlik etdiyi komandaya qoşulmağa hazırdır. Lakin hələlik klublar arasında razılaşma əldə olunmayıb.
"Yuventus" futbolçunun transferi üçün 20 milyon avro tələb edir, "Marsel" isə təklifini 15 milyon avro səviyyəsində saxlayır. Tərəflər qiymət fərqi üzərində danışıqları davam etdirirlər.
Timoti Vea 2023-cü ilin yayında "Lill"dən "Yuventus"a 11 milyon avroya transfer olunmuşdu. Amerikalı vinger Turin təmsilçisinin heyətində indiyədək 78 oyuna çıxaraq 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalı futbolçunun cari bazar dəyərini 17 milyon avro olaraq qiymətləndirir.