"Microsoft" oyunçuların kütləvi narazılıqlarından sonra yeni qiymət siyasətinə keçdiyini açıqlayıb. Yenilik ilk olaraq "Obsidian Entertainment" studiyası tərəfindən hazırlanan rol və aksiya oyunu “The Outer Worlds 2”-yə şamil olunub – oyunun satış qiyməti 80 dollardan 70 dollara endirilib.
Valyuta.az xəbər verir ki, bu barədə "Windows Central" nəşri məlumat yayıb.
"Xbox" nümayəndəsi təsdiqləyib ki, bu dəyişiklik yalnız bir oyunla məhdudlaşmır – 2025-ci ildəki bütün əsas buraxılışlar, o cümlədən yeni “Call of Duty” oyunu da daxil olmaqla, 70 dollar qiymət etiketi ilə satışa çıxarılacaq.
Rəsmi açıqlamaya görə, bu qərar “bazar reallıqlarına uyğunlaşmaq” və “oyunçulara maraqlı dünyalar təqdim etmək” niyyəti ilə verilib. Lakin ekspertlər düşünür ki, qiymət dəyişikliyinə əsas səbəblərdən biri də sifarişlərin aşağı səviyyədə olmasıdır – elan zamanı “The Outer Worlds 2” Steam satış siyahısında yalnız 1473-cü yerdə idi. Bu isə istifadəçilərin qiyməti yüksək hesab etdiyinin göstəricisi sayılır.
80 dollar ödəyərək artıq əvvəlcədən sifariş edən oyunçular geri ödəniş üçün müraciət etməli olacaqlar. "Microsoft" açıqlayıb ki, vəsaiti qaytardıqdan sonra oyunu yenidən, artıq endirilmiş qiymətlə almaq mümkün olacaq. Geri ödəniş prosesi yaxın günlərdə başlayacaq.
“The Outer Worlds 2” oyununun buraxılışı 29 oktyabr 2025-ci ildə baş tutacaq. Oyun PC, "Xbox Series X|S" və "PlayStation 5" platformalarında çıxacaq. Üstəlik, oyun birinci gündən "Game Pass" abunəliyində də mövcud olacaq.
Paşa Məmmədli