AZ

“Qafqazın inkişafı birgə əməkdaşlıqdan keçir” – Ramiyə Məmmədova – ÖZƏL

"Türkiyənin regiondakı artan nüfuzu təkcə  Azərbaycanla məhdudlaşmır. Bu nüfuz, son illərdə Gürcüstanla münasibətlərdə də özünü göstərir. Azərbaycanın vasitəçiliyi və dəstəyi ilə Türkiyə-Gürcüstan əlaqələri daha da genişlənməkdədir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi  Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, hazırda Türkiyə Gürcüstanı da Cənubi Qafqazın mühüm dövləti kimi dəstəkləməyə çalışır. Eyni zamanda, Türkiyənin Ermənistanla da münasibət qurmağa və bu ölkəni regional proseslərə cəlb etməyə çalışdığını görürük. Bu da Ermənistanın regionun bir parçası kimi qəbul olunmasına və inkişaf yoluna çıxmasına təkan verir. Prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş də məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu görüşdən sonra Ermənistanda baş verən proseslər Türkiyənin təsiri ilə əlaqələndirilə bilər. Türkiyə-Azərbaycan münasibətləri isə artıq sabit və strateji xarakter daşıyır. Azərbaycan-Gürcüstan əlaqələri də daim inkişaf edən templə irəliləyir. Bununla belə, bu gün Qafqazda tam bir birlikdən danışmaq hələ mümkün deyil. Hər bir dövlətin daxili və xarici siyasəti öz maraqlarına əsaslanır. Bu səbəbdən də bölgədə ortaq strategiyanın olmaması regional inkişafı çətinləşdirir.

R. Məmmədova qeyd edib ki, Qafqazın inkişafı üçün üç əsas dövlət - Azərbaycan, Gürcüstan və Ermənistan birgə əməkdaşlıq etməlidir. Əks halda, bu regionun irəliləməsi gecikəcək. Bu mənada "3+3" formatı önəm daşıyır. Amma hazırda Gürcüstan bu formatda tam iştirak etmədiyinə görə proses "3+5" çərçivəsində davam edir. Gürcüstanın Rusiya ilə olan mürəkkəb münasibətləri bu iştirakçılığı çətinləşdirir. Bölgədə real inkişaf yalnız Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanmasından sonra mümkün olacaq. Zəngəzur dəhlizinin açılması, regional logistika mərkəzlərinin yaradılması üç Qafqaz dövləti arasında koordinasiyalı əməkdaşlığı zəruri edir. Hələlik bu istiqamətdə praktiki nəticələr görmürük, amma zamanla  Azərbaycan öz liderliyini göstərərək bu təşəbbüsləri reallaşdıra bilər. Təbii ki, bu prosesdə Türkiyə də Azərbaycanın mühüm tərəfdaşı olacaq.

Siyasi şərhçinin sözlərinə görə, Rusiya və İran məsələsində isə vəziyyət bir qədər mürəkkəbdir: "Hər iki dövlət Qafqazda nüfuzlarını itirmək istəmədikləri üçün  bəzən destruktiv yanaşmalara əl atırlar. Azərbaycan, Gürcüstan və Ermənistan isə artıq bu təsiri azaltmaq üçün birgə addımlar atmağa çalışırlar. Rusiya Qafqazdan sıxışdırılmağa çalışılır. İranın təsiri isə daha çox dini və ideoloji sahədə hiss olunur. Ermənistanda və Azərbaycanda bəzi dini qruplar vasitəsilə, Gürcüstanda isə daha zəif şəkildə təsir göstərməyə çalışır. Lakin bu təsirin də azalmaqda olduğunu müşahidə edirik. Zəngəzur dəhlizinin açılması, İranın regiondakı rolunun daha da azalmasına səbəb olacaq. İqtisadi baxımdan, əgər bu dövlətlər Qafqazda real uğur və nailiyyət əldə etmək istəyirlərsə, bunun yeganə yolu birgə əməkdaşlıqdan keçir. Bu əməkdaşlıq Türkiyə ilə birlikdə və düzgün strateji yanaşma ilə reallaşmalıdır. Gürcüstan üçün isə Rusiya tərəfindən işğal olunmuş ərazilərin azad olunması da mühüm məsələ olaraq qalır. Bu məsələdə Gürcüstan Azərbaycanın timsalında bir nümunəyə baxa bilər - çünki  Azərbaycan öz torpaqlarını işğaldan azad etməyi bacardı. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadan və qarşılıqlı etimad bərpa olunmadan Cənubi Qafqazda ümumi inteqrasiya və inkişafdan danışmaq mümkün deyil".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
64
olaylar.az

1Mənbələr