"Google"ın ana şirkəti olan "Alphabet" və texnologiya nəhəngi IBM 2025-ci ilin ikinci rübündə gəlir və xalis mənfəətlərinin əhəmiyyətli dərəcədə artdığını açıqlayıblar.
Valyuta.az xəbər verir ki, “Alphabet” tərəfindən yayımlanan maliyyə hesabatına əsasən, 2025-ci ilin aprel-iyun aylarında şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 14 faiz artaraq 96,4 milyard ABŞ dollarına çatıb. Şirkət 2024-cü ilin ikinci rübündə 84,7 milyard dollar gəlir əldə etmişdi.
Hesabat dövründə şirkətin xalis mənfəəti də 19 faiz artaraq 28,2 milyard dollara yüksəlib. Müqayisə üçün, “Alphabet” ötən ilin ikinci rübündə 23,6 milyard dollar mənfəət əldə etmişdi.
Şirkətin hər səhmə düşən mənfəəti də ötən ilki 1,89 dollardan bu il 2,31 dollara qalxıb. Gəlir və mənfəət rəqəmləri analitiklərin proqnozlarını üstələyib.
Məsələ ilə bağlı açıqlama verən “Alphabet”in baş direktoru Sundar Piçai bildirib ki, süni intellekt sahəsində öncül mövqedədirlər və inanılmaz sürətlə irəliləyirlər. Onun sözlərinə görə, süni intellekt işin bütün sahələrinə müsbət təsir göstərir və güclü bir dinamika yaradır.
IBM də 2025-ci ilin ikinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq 17 milyard dollara çatıb. IBM 2024-cü ilin ikinci rübündə 15,8 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti də 20 faiz artaraq 2,2 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə bu göstərici 1,8 milyard dollar idi. Hər səhmə düşən mənfəət 1,96 dollardan 2,31 dollara yüksəlib.
IBM cari il ərzində sabit valyuta məzənnəsi ilə hesablandıqda ən azı 5 faizlik gəlir artımı gözlədiyini də bildirib.
Şirkətin baş direktoru Arvind Krishna qeyd edib ki, ikinci rübdə gəlir, mənfəət və sərbəst pul axını baxımından gözləntiləri aşmağı bacarıblar. Krishna bildirib ki, IBM müştərilərə süni intellektdən istifadəni başlamaqda və onu genişləndirməkdə kömək edən dərin innovasiya və sahə üzrə mütəxəssisliyi sayəsində bazarda fərqini qoruyur. O, həmçinin vurğulayıb ki, generativ süni intellektlə bağlı iş həcmi sürətlə artmaqda davam edir və sərbəst pul axınının il ərzində 13,5 milyard dolları keçəcəyi gözlənilir.
Paşa Məmmədli