AZ

"Trampın ultimatumuna rəğmən, İstanbulda tərəflər sülhə yaxınlaşmayıb" - "The Wall Street Journal"

 
"Ukrayna və Rusiya razılaşmadan uzaqdır, Moskva güzəştə getmir, Tramp isə vasitəçilik rolunu qorumağa çalışır..."
 
İyulun 23-də İstanbulda keçirilmiş Rusiya-Ukrayna danışıqları gözləntiləri doğrultmayıb: cəmi bir saat çəkən görüş nəticəsiz başa çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Nəşr yazır ki, bu, ABŞ prezidenti Donald Trampın Moskvaya verdiyi "50 gün ərzində sülhə gəlin" ultimatumu fonunda baş tutsa da, nə atəşkəslə bağlı, nə də münaqişənin dayandırılması istiqamətində hər hansı real irəliləyiş əldə olunmayıb.
 
Ukrayna nümayəndə heyətinin rəhbəri, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ömərov bildirib ki, altı aylıq diplomatik cəhdlər nəticə verməyib. Ukrayna orezidenti Zelenskinin Rusiya lideri Putinlə birbaşa görüş təklifi də növbəti dəfə rədd edilib. Rusiya tərəfini Vladimir Mединski - keçmiş mədəniyyət naziri və Putinin etibarlı adamı təmsil edib.
 
Trampın "vasitəçi oyunu" və iqtisadi təzyiqlər
 
Danışıqların nəticəsiz qalmasına baxmayaraq, Tramp sülh prosesində əsas fiqur kimi qalmaq niyyətindədir. O, ötən həftə Rusiya ilə ticarət edən əsas tərəfdaşlara 100 faizlik tarif tətbiq olunacağı ilə hədələyib və əgər 50 gün ərzində sülh əldə olunmazsa, bu addımların atılacağını deyib. Eyni zamanda, Ukraynaya əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin göndəriləcəyini vəd edib.
 
Ağ Evin mətbuat katibi Anna Kelli isə bildirib ki, "Trampın liderliyi sayəsində Rusiya və Ukrayna illər sonra ilk dəfə birbaşa danışıqlara başlayıb". Amma analitiklərin fikrincə, bu, yetərli deyil: Trampın nə konkret sanksiya mexanizmlərini aktivləşdirdiyi, nə də Rusiyanı güzəştə məcbur etməyə ciddi maraq göstərdiyi görünür. Senator Lindsi Qremin təklif etdiyi sərt sanksiyalar və Rusiyaya qarşı 500 faiz tarif ideyası Trampın öz təşəbbüsü ilə bloklanıb. Respublikaçılar da bu təşəbbüslərə dəstək verməyib.
 
Putinin tələbləri və Kremlin ritorikası
 
Moskvanın mövqeyi isə daha da sərtləşib: Rusiya Krım da daxil olmaqla, işğal etdiyi və hələ də nəzarət etmədiyi dörd region üzərində suverenliyinin tanınmasını və Ukraynanın neytral status götürməsini tələb edir. Kremlin sözçüsü Dmitri Peskov danışıqlardan əvvəl "möcüzə gözləmirik" deməklə prosesə olan etimadsızlığı açıq şəkildə ifadə edib.
 
Bu arada Rusiya diplomatik prosesin uzanmasından istifadə edərək Ukrayna şəhərlərinə hücumlarını artırıb. Dronlarla həyata keçirilən zərbələr əsasən infrastruktur obyektlərini hədəfə alır. ABŞ analitiklərinin fikrincə, "Patriot" sistemləri faydalıdır, lakin Ukraynanın ehtiyaclarını tam qarşılamır.
 
Ukraynanın keçmiş hökumət müşaviri Yevgeniya Qaberin sözlərinə görə, Rusiya prosesi səmimi şəkildə aparmır: "Daimi hücumlar, xüsusilə mülki infrastruktura qarşı zərbələr bunun açıq sübutudur".
 
Yenidən "Kabuki" səhnəsi
 
Danışıqlarda müşahidə olunan təkrarçılıq və formal yanaşma, bəzi ekspertlərin fikrincə, vəziyyətin "diplomatik kabuki teatrına" bənzədiyini göstərir. Karnegi Rusiya-Avrasiya Mərkəzinin rəhbəri Aleksandr Qabuyev vurğulayıb ki, "Putin yalnız Ukraynanın tam təslim olacağı bir ssenariyə maraq göstərə bilər".
 
Bütün bunlara baxmayaraq, Ukrayna tərəfi sülhə nail olmaq üçün danışıqlara açıq olduğunu bildirir. Ömərovun açıqlamasına əsasən, Ukrayna Tramp və Ərdoğanın vasitəçiliyi ilə liderlərin iştirakı ilə avqust ayının sonuna qədər yüksək səviyyəli görüş təklif edib.
 
Lakin bu mərhələdə danışıqların gedişatı və tərəflərin tutduğu mövqe sülhə doğru real addımların yaxın zamanlarda mümkün olmayacağını göstərir. Diplomatik meydanda zaman qazanılır, amma insan həyatı itirilir.
Seçilən
60
moderator.az

1Mənbələr