AZ

Cənubi Qafqaz uğurunda soyuq savaş: Amerika İranın şimalına bu şərtlə yerləşir - MÜSAHİBƏ

BAKI, 24 iyul. TELEQRAF

Politoloq Arzuman Abdulkərimov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Arzuman bəy, Azərbaycanla Ermənistan arasındakı sülh prosesi ilə bağlı müsbət mesajlar səslənir. Bu mövzuda ABŞ-dən də pozitiv açıqlamlar verilir. Gözləntilər nədən ibarətdir?

- Tarixən Cənubi Qafqaz fərqli güclərin maraq obyektində olub. Bu xüsusda region uğurunda Rusiya və Qərb ölkələri arasında mübarizə gedir. Bölgədə nüfuz savaşı bu gün da davam edir. Rusiya-Ukrayna müharibəsi fonunda Qərb dairələri, o cümlədən Amerika Kremlin dominant olduğu bölgələrdə onun nüfuzunu azaltmağa çalışır.

Ukrayna müharibəsi fonunda Cənubi Qafqaz uğurunda sanki indi soyuq savaş gedir. Regiona dair Qərb ölkələrinin və ABŞ-in yanaşmalarındakı dəyişikliklər də bununla bağlıdır. Onlar bu bölgədə nəzarəti ələ almaqla Rusiyanın təsir imkanlarını azaltmaq istəyir. Son dövrlərdə baş verən proseslər də bunu təsdiq edir.

Ermənistana bu yaxınlarda min nəfərlik özəl hərbi şirkətə məxsus şəxsi heyətin göndərilməsi ilə bağlı informasiyalar yayılıb. Bütün bunlar həmin proseslərin tərkib hissəsi kimi dəyərləndirilir.

- Zəngəzur dəhlizi ətrafında artan ritorika nə ilə bağlıdır? Dəhlizin hansısa icarə əsasında açılması ehtimalı varmı?

- Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa bağlantını təmin edəcək Zəngəzur dəhlizinin ABŞ-nin hansısa şirkətinin nəzarətində açılacağı informasiyaları heç də təsadüfən yayılmayıb. Bu, daha çox erməni diasporasının məqsədli şəkildə yaydığı xəbərlər kimi önə çıxır. Ermənistan Baş nazirinin ofisi isə bu xəbəri təkzib etməyə çalışıb.

Xankəndidəki Forumda Prezident İlham Əliyev bu mövzunun Ermənistana aid olduğunu bəyan etdi. Bununla yanaşı Azərbaycan ərazisində heç bir operatorun, icarədarın olmadığı və olmayacağı qeyd olundu. Sözsüz ki, Zəngəzur dəhlizinin açılmasında region ölkələri ilə yanaşı Çin üçün də maraqlıdır. Bu dəhliz vasitəsi ilə Çindən Avropaya birbaşa daşımaların həyata keçirilməsi mümkün ola bilər.

Ona görə də ABŞ dəhlizin məhz onun kurasiyasında açılmasına nail olmaqla Rusiya ilə yanaşı Çinə qarşı olan birmənalı mövqeyini də ifadə etməyə çalışır.

- ABŞ-nin bölgəyə gəlişinə region dövlətlərinin, xüsusi ilə Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” adlandıran İranın münasibəti necə olacaq? Tehran şimal sərhədinə Amerika şirkətinin yerləşməsinə necə reaksiya verəcək?

- Son dövrlər İran tərəfindən bu mövzuya aid fikirlər bildirilərkən “qırmızı xətt” ritorikasına istinad edilmir. Eyni zamanda cənub qonşumuzda bu məsələyə ikili yanaşma var.

Proseslərə loyal yanaşanlarla yanaşı ona qarşı çıxanlar da mövcuddur. Sözsüz ki, ABŞ-nin bölgəyə, xüsusən də Ermənistana yerləşməsi İranın xoşuna gəlmir. Sadəcə olaraq indiki halda Tehran bu məsələyə ciddi şəkildə müqavimət göstərə bilmir. İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri nəzərdə tutulur. Ola bilsin, bu məsələlər həmin səfərdə müzakirə edilsin.

Əvvəldən də görünürdü ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Məqsəd odur ki, Azərbaycanı Naxçıvanla birləşirən yol məhz İran üzərindən olsun. Çünki burada Tehranın da iqtisadi maraqları var.

- Zəngəzur dəhlizi ətrafında olan yanaşmalara Azərbaycanın münasibəti barədə nə deyərdiz?

- Bakı üçün əsas hədəf odur ki, Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi açılsın. Prezident İlham Əliyevin bununla bağlı mövqeyi birmənalıdır. Ona görə də Zəngəzur dəhlizinin açılacağına heç bir şübhə yoxdur.

Seçilən
45
1
teleqraf.com

2Mənbələr