AZ

“Azərbaycanın xarici siyasəti yalnız milli maraqlara əsaslanır” – Zeynal Əmrəliyev – ÖZƏL

Rusiyanın informasiya məkanında Azərbaycan əleyhinə isterika güclənib, bunun əsas səbəbi kimi Bakının Ukraynaya verdiyi dəstək göstərilir. Prezident İlham Əliyevin Xankəndi Forumunda ukraynalı jurnalistə "işğalla barışmayın" çağırışı Rusiyada narahatlıq yaradıb və "güc dili" kimi dəyərləndirilib.
Rusiyalı analitiklərə görə, Azərbaycan  Avropa İttifaqı və Türkiyəni seçir, GUAM üzvü kimi Ukraynanı dəstəkləməsi isə təbii sayılır. Bakı  Ankaradan beşinci nəsil PUA-larla hərbi dəstək zəmanəti alıb, hərbi obyektlərdə "antiterror mərkəzləri" altında üçüncü ölkələrin mövcudluğuna hüquqi baza hazırlanır. Moskva iddia edir ki, Türkiyə və Britaniya kəşfiyyatı vasitəsilə Bakı Rusiyanı Qafqazdan sıxışdırmağa çalışır.

"Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdür və bu siyasətə uyğun olaraq həm müxtəlif dövlətlər , həm də müxtəlif ittifaqlarla əməkdaşlığını gücləndirə bilər. Yəni, əgər bu əməkdaşlıq Azərbaycanın milli maraqlarına cavab verirsə, ölkəmiz istənilən ölkə və təşkilatla əməkdaşlığa hazırdır. Hal-hazırda həyata keçirilən xarici siyasət  Azərbaycanın dövlət maraqlarına xidmət edir və bu kontekstdə də ölkəmiz yoluna davam edəcək".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, hazırda Azərbaycanın apardığı xarici siyasətdə Türkiyə ilə əməkdaşlıq xüsusi yer tutur: "Bu, hər şeydən əvvəl iki qardaş ölkə arasında formalaşmış münasibətlərə əsaslanan strateji tərəfdaşlıqdır. Qeyd etmək lazımdır ki, bu cür yaxın münasibətlərin dünyada bənzəri yoxdur. Yəni, dünya tarixində ikinci bir belə nümunə tapmaq çətindir - Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan iki ölkə nadir hallarda olur".

Siyasi şərhçinin sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq da təbiidir və bu münasibətlərin daha da istiləşdirilməsinə ehtiyac duyulur. Çünki  Azərbaycan  Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, siyasi və diplomatik sahədə də əməkdaşlığın genişləndirilməsi zəruridir

Z. Əmrəliyev qeyd edib ki, əhəmiyyətli məqamlardan biri də Rusiya ilə münasibətlərdir: "Azərbaycan bütün qonşu dövlətlər, o cümlədən Rusiya ilə münasibətlərə xüsusi önəm verir və bu münasibətlərin normal və stabil qalması üçün rəsmi Bakı həmişə təşəbbüskarlıq göstərib. Lakin 2024-cü ilin sonunda baş verən helikopter insidenti və onun ardınca cərəyan edən proseslər göstərdi ki, Rusiya tərəfi nə qonşuluq prinsiplərinə, nə də müttəfiqlik münasibətlərinə uyğun davranmır. Bu isə Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə ciddi zərbə vurur".

Saida  Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr