AZ

Bir ili 5,4 saata başa vuran planet tapılıb

AzVision.az xəbər verir ki, “arXiv” preprint saytında dərc olunan məqalədə obyektin “TESS” kosmik teleskopu (NASA) vasitəsilə kəşf edildiyi bildirilir.

Alimlərin fikrincə, “TOI-2431 b”-dəki il ekzoplanetin öz ulduzu ətrafında dövr etməsinin məlum olan ən qısa dövrlərindən biridir. Müqayisə üçün deyək ki, Yerə Günəşin “ətrafında fırlanması” üçün 365 gün lazımdır, “TOI-2431 b” isə bu müddət ərzində 1600-dən çox dövrə vurmağı bacarır.

“Planet öz ulduzuna son dərəcə yaxındır - cəmi 933 min kilometr (0,0063 astronomik vahid). Belə yaxınlıq onun səthini təxminən 2000 Kelvinə (təxminən 1727 °C) qədər qızdırır ki, bu da daşların və metalların əriməsi üçün kifayətdir”,- məlumatda deyilir.

Planet ölçülərinə görə Yerə bənzəsə də, “TOI-2431 b” çox fərqli xüsusiyyətlərə malikdir. Onun radiusu demək olar ki, bir yarım dəfə, kütləsi isə 6,2 dəfə böyükdür. Orta sıxlıq hər kub santimetr üçün 9,4 qramdır ki, bu da Yerin sıxlığından xeyli yüksəkdir.

Yaxınlıqdakı ulduzun yaratdığı qabarma qüvvələri səbəbindən planetin forması əyilib. Alimlərin fikrincə, onun mehvərlərindən biri digərindən təxminən 9% qısadır və bu, “TOI-2431 b”-yə mükəmməl yuvarlaq yox, yastı forma verir.

Eyni zamanda, tədqiqatçılar planetin “ölümə”məhkum olduğunu iddia edirlər. Onların hesablamalarına görə, 31 milyon ildən sonra ekzoplanet öz ulduzu tərəfindən udulacaq - bu, ultra-qısa orbital dövrə malik planetlər üçün qeydə alınan ən qısa “qabarma çürüməsi” dövrlərindən biridir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
81
1
azvision.az

2Mənbələr