AZ

"Qəzza bölgəsində kütləvi aclıq hökm sürür" - Ümumdünya Səhiyyə Təşkilatı

 
"Aclıq, sadəcə fəlakət deyil - bu, eyni zamanda siyasi iradənin və insanlığın iflasıdır..."
 
Qəzza bölgəsində acınacaqlı vəziyyət hökm sürür. Bölgədə müşahidə olunan kütləvi aclıq süni şəkildə yaradılıb və bu, birbaşa blokadanın nəticəsidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bəyan edib. Məlumatı "reuters.org" nəşri yayıb.
 
Qebreyesus Cenevrədən keçirilən virtual mətbuat konfransında bildirib: "Bu vəziyyəti başqa cür adlandırmaq mümkün deyil - bu, kütləvi insan aclığıdır. Bu faciənin səbəbi insan amilidir, konkret desək, tətbiq olunan blokadadır". Onun sözlərini "Reuters" yayımlayıb.
 
Qida yardımı sərhəddə qalıb, uşaqlar isə aclıqdan ölür
 
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son bir gecə ərzində aclıq səbəbilə daha 10 nəfər həyatını itirib və aclıqdan ölənlərin ümumi sayı 111-ə çatıb. Ən dəhşətlisi odur ki, bu ölümlərin böyük hissəsi son həftələrdə baş verib. ÜST-ün rəsmi məlumatlarında isə ən azı 21 uşağın həyatını itirdiyi qeyd olunur. Qurumun Fələstin ərazilərindəki nümayəndəsi Rik Peperkorn bildirir ki, yalnız iyul ayında 5100 uşaq qidalanma proqramına cəlb edilib, onlardan 800-ü ağır səviyyədə qida çatışmazlığı ilə üzləşib.
 
Qebreyesus deyir ki, vəziyyət daha da pisləşməkdədir. Müalicə mərkəzləri doludur, təcili yardım üçün lazım olan ehtiyatlar isə tükənib. Martdan mayın sonunadək, təxminən 80 gün ərzində BMT və tərəfdaş təşkilatlar əhaliyə ərzaq çatdıra bilməyib. Hazırda yardımın yenidən başlandığı bildirilsə də, bunun həcmi acınacaqlı vəziyyətə cavab vermir. ÜST rəsmisi vurğulayır ki, yoxlamadan keçən əhalinin 10 faizində, hamilə qadınlarda isə bu göstərici 20 faizə qədər arta bilən qida çatışmazlığı müşahidə olunub.
 
Sərhədin o üzündə tonlarla yardım gözləyir
 
Onlarla beynəlxalq yardım təşkilatı da oxşar bəyanatla çıxış edib. Onların birgə açıqlamasında bildirilir: "Kütləvi aclıq Qəzzada sürətlə yayılır. Lakin Qəzza sərhədinin bir neçə kilometrliyində tonlarla ərzaq, içməli su, dərman və digər həyati vacib vasitələr yardım təşkilatlarının buraxılmadığı üçün anbarlarda toz basır". BMT-nin Fələstin üzrə yardım agentliyi (UNRWA) də bu fikri təsdiqləyib və bildirib ki, onların anbarlarında üç ay müddətində bütün Qəzza əhalisini təmin edə biləcək qədər yardım ehtiyatı var. Lakin bu resurslar çatdırıla bilmir.
 
"Bölgəyə kifayət qədər ərzaq daxil olub?"
 
İsrail isə ittihamları qəbul etmir. Rəsmi Tel-Əviv bildirir ki, müharibə başlayandan bəri Qəzzaya yetərincə ərzaq yardımı göndərilib. Mart ayında sərhəd tamamilə bağlansa da, mayda məhdud şəkildə açılıb. İsrail tərəfi bu məhdudiyyətləri yardımın HƏMAS kimi döyüşçü qrupların əlinə keçməsinin qarşısını almaq üçün zəruri sayır.
 
İsrail Müdafiə Nazirliyi isə məsələ ilə bağlı aerofotoşəkillər də yayıb. Bu görüntülərdə Kerem-Şalom keçid məntəqəsinin yanında, Qəzzanın içərisində 950 yük maşınının - 2500 ton yardımın boşaldılmadan gözlədiyi əks olunub. Bütün bu qarşılıqlı ittihamlar fonunda ABŞ-ın dəstəyi ilə yaradılan "Qəzza Humanitar Fondu" BMT-yə əməkdaşlıq təklif edib. Lakin UNRWA-nın rəhbəri Filip Lazzarini bu fondu "ədalətsiz, ölümcül bir tələ" adlandıraraq sərt ittihamlarla çıxış edib.
 
Aclıq ölümlə yarışır
 
Statistika və siyasi bəyanatlardan kənarda isə acı bir həqiqət var: uşaqlar və qadınlar acından ölür, yardım isə anbarlarda çürüyür. Qəzza bölgəsi beynəlxalq hüququn sınağa çəkildiyi məkana çevrilib. Aclıq, sadəcə fəlakət deyil - bu, eyni zamanda siyasi iradənin və insanlığın iflasıdır.
Seçilən
63
moderator.az

1Mənbələr