İyulun 23-də İndoneziya Hərbi Dəniz Qüvvələrinə iki qabaqcıl “Skorpen” sinifli sualtı qayığın tədarükü üçün müqavilə qüvvəyə minib.
Herbiand.az bildirir ki, sualtı qayıqlar İndoneziyanın PT PAL tərsanəsində Fransanın Naval Group gəmiqayırma şirkətinin texniki dəstəyi ilə hazırlanacaq.
“Bu müqavilənin həyata keçirilməsi İndoneziya və Fransa arasında əməkdaşlıqda mühüm mərhələdir. Strateji tərəfdaşımız PT PAL ilə birlikdə biz Cakartanı müasir, suveren və davamlı dəniz sənayesi yaratmaq istəyində dəstəkləyəcəyik”, - Naval Group-un rəhbəri Pyer Erik Pommelle bildirib.
İndoneziyanın “Scorpen” sinfinə aid sualtı qayıqlar “ən yüksək təhlükəsizlik və etibarlılıq standartlarını dəstəkləyən və doldurulma müddətinin azaldılmasını təmin edən” litium-ion batareyaları ilə təchiz ediləcək.
Sualtı qayıqların gövdəsinin uzunluğu 62-70 metr, eni 6,2 metrdir. Suya enmə dərinliyi 350 metrdən çoxdur. Ekipaj 31 nəfərdir.
Sualtı qayıqlar altı 533 mm-lik torpedo borusu ilə təchiz olunub. Bu isə SM-39 “Exocet” gəmi əleyhinə raket və minalardan istifadə etməyə imkan verir. Ümumi döyüş sursatı 18 torpedo və raketdir.
Bəxtiyar CƏFƏRLİ