Son zamanlar Zəngəzur dəhlizi ətrafında ciddi polemikalar və hərəkətlilik müşahidə edilir. Xüsusilə Əbu-Dabi görüşündən əvvəl və sonra Vaşinqtonun bu məsələdəki fəallığı layihəyə dair müxtəlif fərziyyələrin irəli sürülməsinə səbəb olub. ABŞ Prezidenti Donlad Trampın dəhlizin amerikalı şirkətin nəzarətinə verilməsi ilə bağlı təklifi İrəvanda ciddi siyasi rezonans doğursa da, Bakı bir müddət bu məsələdə susqunluq nümayiş etdirdi. Nəhayət, Prezident İlham Əliyevin timsalında Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı yanaşması Şuşa Qlobal Media Forumunda bir daha ortaya qoyuldu.
Dövlət başçısı bildirdi ki, Zəngəzur dəhlizi bir çox ölkələri birləşdirəcək: “Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir”.
Prezident İlham Əliyev dəhlizin Amerika şirkəti tərəfindən icarəyə götürülməsi məsələsinə də toxunub: “Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz. Ermənistan nə etmək istəyir? Onlar çox şey edə bilərlər, mənim bundan xəbərim yoxdur. Onlar artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də bu son İran-İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər. Bizim üçün isə ən başlıca məsələ odur ki, - mən Əbu-Dabidə həmkarıma dedim, - bizim Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçidimiz olmalıdır. Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.
Ermənistana gəldikdə isə, İrəvanın Trampın təklifi ilə bağlı razılaşdığına dair məlumatlar yayılıb. “Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın Sünik (Zəngəzur) rayonundan keçəcək və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Tramp körpüsü” - 42 kilometr uzunluğunda nəqliyyat dəhlizinin yaradılmasına razılıq verib”. Bu barədə İspaniyanın Periodista Digita nəşri erməni diasporu arasında yayılan Ermənistan-Azərbaycan-ABŞ “gizli memorandum”una istinadən yazır.
Nəqliyyat dəhlizinin Amerikanın özəl şirkəti tərəfindən idarə olunacağı bildirilir. Marşrutdan istifadədən İrəvan gəlirin cəmi 30%-ni alacaq. Nəşrin məlumatına görə, memorandum artıq Bakı, İrəvan və Vaşinqton tərəfindən təsdiqlənib.
“Maraqlıdır ki, memorandum Ermənistan ərazisinə mühüm ABŞ qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. Mövcud məlumata görə, bunlar ABŞ-ın nizami silahlı qüvvələri deyil, özəl hərbi şirkət, 1000-ə yaxın döyüşçü olacaq. Onlara güc tətbiq etmək səlahiyyəti veriləcək”, – Periodista Digita qeyd edir.
“Ermənistan Azərbaycanla razılıq əldə olunarsa, Sünik bölgəsində 42 km-lik dəmir yolunun tikintisinə başlamağa hazırdır”. Bunu isə baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib.
“Azərbaycanla razılaşdırılmadan bu dəmir yolundan hətta Ermənistanda daxili yüklərin daşınması üçün də istifadə oluna bilməz. Ona görə də bu dəmir yolunun tikintisinə Azərbaycanla razılıq əldə edildikdən dərhal sonra başlanacaq. Hazırda keçmiş dəmir yolu xətti ilə avtomobil yolu ilə birləşdirilən Nrnadzor kəndi üçün yeni yolun tikintisi kimi hazırlıq işləri artıq aparılır”. Onun sözlərinə görə, Ermənistan qonşuları ilə bütün nəqliyyat marşrutlarını açmaqda maraqlıdır.
Məsələ ilə bağlı Azərbaycanın əsas strateji müttəfiqi və dəhlizin mühüm tərkib hissələrindən olan Türkiyənin də mövqeyi məlumdur. ABŞ prezidenti Donald Tramp administrasiyasının Zəngəzur dəhlizi ilə bağlı səs-küylü planının müzakirələri zamanı məlum olub ki, Türkiyə hökuməti bu marşruta qoşulmaq üçün beynəlxalq maliyyə qurumlarından çox milyardlıq kredit alıb.
Belə ki, Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi ilə Yaponiyanın MUFG Bank bankının rəhbərlik etdiyi kreditorlar qrupu arasında imzalanmış sazişə əsasən, Ankaraya Naxçıvana dəmir yolu xəttinin çəkilməsi üçün 2,4 milyard avro ayrılır. Kredit İsveçin EKN İxrac Kredit Agentliyinin, Avstriyanın OeKB bankının və İslam İnkişaf Bankı yanında İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının zəmanəti ilə veriləcək. Kreditin alınması ilə bağlı danışıqlar Türkiyənin maliyyə və xəzinə naziri Mehmet Şimşəkin Londonda İslam İnkişaf Bankının təşkil etdiyi kreditorlar sammitində iştirakı çərçivəsində aparılıb. Əldə edilən razılaşmaya əsasən, Qars-İğdır-Aralıq-Dilucu dəmir yolunun tikintisini beynəlxalq kreditorlar maliyyələşdirəcək. Layihəni Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi idarə edəcək. Qeyd edək ki, Türkiyə dəmir yollarının Naxçıvanla birləşdirilməsi layihəsi Asiya ilə Avropanı birləşdirən və Zəngəzur dəhlizinin daxil olduğu Orta Dəhlizinin tərkib hissələrindən biridir. Bu layihənin Ankara tərəfindən maliyyələşdirilməsi onu göstərir ki, Türkiyə Zəngəzur marşrutu üzrə Bakı ilə İrəvan arasında tezliklə razılığın əldə olunacağına inanır.
Məsələyə bugünlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. Türkiyə lideri qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyə deyil, regionun digər ölkələrinə də fayda verəcək. “Türkiyə bu layihəni geosiyasi baxımdan son dərəcə vacib hesab edir. Zəngəzur dəhlizi bölgəmizi başqaları ilə birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz bu xəttin ixtilaf mənbəyi deyil, harmoniya simvoluna çevrilməsidir”, - Ərdoğan bildirib.
Onun sözlərinə görə, bu layihə həm də “regionun çiçəklənməsinə töhfə verəcək və iqtisadi əməkdaşlığa əlavə təkan verəcək. Ərdoğan regional güclərin gündəlikdəki bütün məsələləri müstəqil şəkildə həll edə biləcəklərinə əmin olduğunu bildirib.
Bununla belə, regional ekspertlər Zəngəzur dəhlizinin ABŞ-ın nəzarətinə keçməsi planının ehtimalının az olduğunu düşünürlər. Səbəb İran və Rusiyanın mümkün aqressiv reaksiyasıdır. İranın siyasi dairələri bu planın İslam Respublikasının şimal sərhədləri boyunca “geosiyasi tarazlığın dəyişməsinə” səbəb olacağına inanırlar.
Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun elmi işçisi Həmidreza Əzizi xəbərdarlıq edib ki, belə bir ssenari “İranın Ermənistan vasitəsilə Cənubi Qafqaza təbii torpaq çıxışından məhrum edəcək” və ölkəni “Azərbaycan və ya digər beynəlxalq aktorların nəzarətində olan” marşrutdan asılı vəziyyətə salacaq. Ekspert dəhlizi “tabutdakı son mismar” adlandırıb ki, bu da bəzi müşahidəçilərin Tehranın “geosiyasi boğulması” adlandırdığı addımdır. Əgər Bakı nəzarəti ələ keçirsə və ya beynəlxalq idarəçilik tətbiq edilərsə, İran şimal ticarəti üzərində təsir rıçaqlarını itirəcək. “İran təkcə Cənubi Qafqazla deyil, həm də Rusiya və Avropa ilə ticarətdə demək olar ki, tamamilə Azərbaycandan asılı olacaq”,– deyən Əzizi “İranın geoiqtisadi mövqeyinə ciddi zərbə vuracağı” barədə xəbərdarlıq edib. O əlavə edib ki, təklif olunan layihə Pekin üçün tərəfdaş kimi əhəmiyyətini zəiflətməklə, ölkənin Çinin “Bir kəmər və yol” təşəbbüsündəki rolunu azalda bilər.
Tehranın əsas narahatlığı aydındır: dəhliz Türkiyənin təsirini genişləndirə və birbaşa ABŞ-ın mövcudluğunu təmin edə bilər. “İran qorxur ki, belə bir dəhliz ölkənin Şərq-Qərb yükdaşımalarında iştirak perspektivlərinə birdəfəlik son qoyacaq”, - Əzizi bildirib. ABŞ-ın idarə etdiyi marşrut yalnız bu narahatlıqları artırmır, o, Amerikanın maraqlarını “birbaşa İranın şimal sərhədində” yerləşdirəcək.
Cənubi Alabama Universitetinin fəxri professoru, iranşünas Nader Entessari TABNAK xəbər agentliyinə müsahibəsində qeyd edib ki, ABŞ-ın regiondakı strategiyası İran ətrafında təcrid qövsü formalaşdırmağa yönəlib. Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədləri iki vəzifəyə - Qafqaz və Mərkəzi Asiya istiqamətində İranın nəqliyyat və siyasi blokadasını gücləndirmək, o cümlədən Ukraynada müharibə ilə məşğul olan və keçmiş strateji məkanda mövqelərini itirən Ermənistan və Azərbaycanın Rusiyadan siyasi şəkildə ayrılmasını stimullaşdırmaqla bağlıdır. Ekspert vurğulayır ki, söhbət təkcə geosiyasətlə bağlı deyil, həm də iqtisadi maraqlardan gedir. Cənubi Qafqaz logistika, enerji və alternativ təchizat marşrutları, o cümlədən İran və ya Rusiya ərazisindən asılı olmayan dolama marşrutları baxımından ABŞ üçün əhəmiyyətli dəyərə malikdir. Və bu kontekstdə, Entessari hesab edir ki, ABŞ və Çinin maraqları müvəqqəti olaraq üst-üstə düşə bilər. Amerikanın mövcudluğunun gücləndirilməsi Çinin “Bir kəmər - bir yol” təşəbbüsünü obyektiv şəkildə sarsıtsa da, bu, onun həyata keçirilməsinin özünü təhdid etmir, əksinə, Pekini bir az daha incə və ehtiyatlı manevr etməyə məcbur edir.
Amerikalı iranşünas professorun sözlərinə görə, ümumilikdə Qərb Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsə müsbət yanaşır: Avropa İttifaqı Rusiyanın postsovet məkanından sıxışdırılmasına töhfə verən istənilən addımı dəstəkləyir. Bundan əlavə, Ermənistan hər il Avro-Atlantik inteqrasiyaya doğru getdikcə daha çox sürüklənir, onun hökuməti, ABŞ-ın xarici təzyiqlərinə effektiv müqavimət göstərmək üçün kifayət qədər güclü deyil.
Millət vəkili Azər Badamov isə hafta.az-a deyib ki, Zəngəzur dəhlizinin icarəyə verilməsi Ermənistanın xəyalı ola bilər:
“Burada axı heç bir icarədən söhbət getmir. Sadəcə, iki dövlət və xalq arasında əsrlərlə davam edə bilən amillərə görə məsələ dəhlizin təhlükəsizliyinə nəzarət məsələsidir. Bu isə Üçtərəfli Bəyanatda təsbit olunub. Ermənistanın torpaqları icarəyə verməsi, kənar qüvvələrin meydançasına çevirmək istəməsi də, hətta addımları da ilk deyil. Yerləşdirilən Avropa müşahidəçiləri də əslində casusdurlar, bu casuslar İrana qarşı da iş aparır. Biz Ermənistanla müharibədə maraqlı deyiliksə, digər region dövlətləri ilə müharibəni qəti şəkildə geri çeviririk”.
Göründüyü kimi, dəhliz Azərbaycanın strateji maraqları baxımından nə qədər mühüm əhəmiyyət daşısa da, Bakının daim alternativləri mövcuddur. Bu məsələdə əsas təzyiq hədəfi İrəvandır. Ermənistan rəhbərliyinin seçiminin isə iqtisadi inkişaf, inteqrasiya və təcridə son, yoxsa mövcud acınacaqlı durum olacağını zaman göstərəcək.