Qusar Rayon Heydər Əliyev Mərkəzində “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin təqdimat mərasiminə həsr olunmuş tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, daha sonra Heydər Əliyev Mərkəzinin muzey bölməsində Qərbi Azərbaycana dair nəşrlərdən ibarət kitab sərgisinə baxış keçiriblər. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov açaraq bildirib ki, Qərbi Azərbaycan məsələsi yalnız tarixi keçmişin xatırlanması deyil, həm də pozulmuş hüquqların beynəlxalq hüquq çərçivəsində bərpasına yönəlmiş milli mövqedir. Qeyd olunub ki, təqdimatı keçirilən “Qərbi Azərbaycan irsi” kitabı yalnız tarixi faktların toplusu deyil, həm də milli kimliyin, mədəni irsin və ictimai yaddaşın qorunması baxımından mühüm mənbədir.
Bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyevin sərgilədiyi prinsipial siyasi iradə və ardıcıl yanaşma nəticəsində Qərbi Azərbaycan məsələsi artıq dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Daha sonra Milli Məclisin deputatları Əlibala Məhərəmzadə, Mahir Süleymanlı, Müşfiq Məmmədli və Azər Badamov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycanla bağlı aparılan dövlət siyasətindən geniş şəkildə bəhs ediblər. Qeyd olunub ki, Qərbi Azərbaycan İcmasının yenidən formalaşdırılması, “Böyük Qayıdış” konsepsiyasının yalnız Qarabağla məhdudlaşmayaraq Qərbi Azərbaycanı da əhatə etməsi, Azərbaycanın bu məsələni beynəlxalq platformalarda gündəmə gətirməsi dövlətin məsələyə kompleks, hüquqi və siyasi baxımdan yanaşmasının sübutudur.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova qeyd edib ki, Qərbi Azərbaycan mövzusu ümummilli məsələ olmaqla yanaşı, həm də partiyanın ideoloji xəttinin mühüm istiqamətlərindən birini təşkil edir. O, çıxışında “Qərbi Azərbaycan irsi” kitabını da qısaca şərh edərək bildirmişdir ki, bu nəşr dolğun arxiv materialları, sənədlər və tarixi faktlarla zəngin olub, Qərbi Azərbaycan torpaqlarında əsrlər boyu mövcud olmuş Azərbaycan mədəniyyətinin sistemli şəkildə sənədləşdirilməsinə xidmət edir.
Tədbirdə 1988-ci ildə Ermənistandan deportasiya olunmuş azərbaycanlı Arif Ələskərov də çıxış edərək, öz şəxsi həyat hekayəsi üzərindən məcburi köçkünlük ağrısını, ailələrin parçalanmasını və bir xalqın yüz illər boyu yaşadığı doğma torpaqlardan zorla çıxarılmasının fəsadlarını dinləyicilərlə bölüşüb.
Sonda Qərbi Azərbaycan irsinə dair sənədli film nümayiş etdirilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu