Maraqlıdır, Samvel Karapetyan kimi şəxslərin çıxışları Ermənistan daxilindəki qüvvələrin hələ də Moskvanın diqtəsinə tabe olmaq istədiyini göstərirmi və bu, bölgədə sülhə qarşı məqsədli sabotaj sayıla bilərmi?
"Karapetyan kimi Rusiyaya bağlı şəxslər, eləcə də Sarkisyan, Koçaryan və digər revanşistlər, həmçinin kilsə nümayəndələri çalışırlar ki, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prosesini pozsunlar".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. Siyasi şərhçi bildirib ki, onlar Paşinyanın atdığı müəyyən müsbət addımları "xəyanət" kimi təqdim edərək, Ermənistanda ona qarşı ictimai narazılığın formalaşdırılmasına və onun hakimiyyətdən uzaqlaşdırılmasına çalışırlar. Təbii ki, bu, Rusiyanın da maraqlarına uyğun ola bilər. Çünki son proseslər göstərir ki, Rusiya bölgədə sülhdə maraqlı deyil: "Kreml qeyri-müəyyən vəziyyətin davam etməsinə və bu yolla bölgəyə təsir imkanlarını qoruyub saxlamağa çalışır. Ona görə də Karapetyanın son açıqlamaları təsadüfi deyil. Bu bəyanatları Ermənistan daxilindəki revanşist qüvvələrin və kilsənin səsləndirdiyi fikirlərlə yanaşı, eyni prosesin tərkib hissəsi kimi dəyərləndirmək olar. Azərbaycan isə Ermənistanla apardığı sülh danışıqlarında daha çox təşəbbüs göstərir və məsələnin konstruktiv həllini üstün tutur. Son zamanlar ikitərəfli görüşlərin keçirilməsi, Azərbaycanın siyasi fəallığı bu prosesə müsbət təsir edir. Burada əsas məqam Ermənistan rəhbərliyinin iradəsidir. Əgər Paşinyan hökuməti daxili və xarici təzyiqlərə davam gətirə bilsə, o zaman sülh üçün real perspektivlər yaranacaq".
Ə. Zülfüqaroğlunun sözlərinə görə, Rusiya ilə yanaşı Fransa və bəzi dövlətlər də Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanmasını əngəlləməyə çalışırlar: "Onlar bölgədəki münaqişəli vəziyyətdən istifadə edərək, burada öz mövcudluqlarını qorumağa və təsirlərini artırmağa çalışırlar. Buna görə də Ermənistan daxilində müxtəlif dairələrə bağlı olan şəxslər, eləcə də erməni lobbisi və Rusiyada Azərbaycan-Ermənistan yaxınlaşmasına qarşı olan qüvvələr danışıqları pozmaq üçün fəallıq göstərir, Ermənistanın daxili sabitliyini pozmağa cəgd edirlər. Bu baxımdan Karapetyan kimi şəxslərin açıqlamaları təsadüfi hesab edilə bilməz, bunlar müəyyən planlarıın tərkib hissəsidir.
Onu da əlavə edək ki, Azərbaycan bu prosesdə prinsipiallıq nümayiş etdirir. Azərbaycanın diplomatik təsir imkanları yüksək səviyyəyədədir. Torpaqlarını işğaldan azad etmiş ölkə olaraq, Azərbaycan bu gün regionda mühüm strateji mövqelərə malikdir. Artıq Ermənistanla münaqişə Azərbaycan üçün prioritet deyil, ölkənin qarşısında daha böyük strateji məqsədlər durur. Əgər Ermənistan tərəfi siyasi cəsarətsizlik səbəbilə sülh danışıqlarını dalana salarsa, bu prosesdən ən çox zərər görən tərəf məhz Ermənistan olacaq. Azərbaycan isə geosiyasi hədəflərinə uyğun olaraq fəaliyyət göstərir".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər tarixən ən yüksək səviyyədədir. İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi bölgədə üçüncü qüvvələrin təxribatlarının qarşısını almaqda mühüm rola malikdir. Azərbaycan bu sənəd və ümumilikdə Türkiyə ilə strateji ittifaqı sayəsində regiondakı təhlükəsizlik və sabitlik arxitekturasının formalaşmasında aparıcı rol oynayır. Bu günə qədər atılan diplomatik addımlar, aparılan siyasət göstərir ki, nə Ermənistan daxilindəki təzyiqlər, nə də üçüncü ölkələrin pozucu səyləri Azərbaycanı prinsiplərindən döndərə bilməz. Azərbaycan öz mövqeyində qətidir və bu qətiyyət bölgədəki proseslərə yön verən əsas faktordur. Sülh prosesinə kənar müdaxilələrə baxmayaraq, Azərbaycanla Ermənistan arasında sazişin imzalanması üçün diplomatik zəmin formalaşır.
Səidə Ramazanova