Yay mövsümündə insanların böyük əksəriyyəti istirahətini dəniz kənarında, çimərliklərdə keçirir.
Hər kəs də üz tutduğu ünvanların təmiz, səliqəli olması arzusundadır. Lakin bütün çimərliklərdə sanitar-gigiyena qaydalarına əməl olunmur. Belə ki, son günlər sosial şəbəkələrdə də dəniz ətrafının zibillənməsinə dair çox sayda görüntülər paylaşılır və tənqid olunur.
İstirahət üçün təmiz məkan axtaran insanlar niyəsə özlərindən sonrakı insanlar üçün bu təmziliyi qorumurlar. Çimərliyə kabab çəkmək, “çips” yemək üçün gedənlərin bəzisi doyduqdan sonra zibil tullantılarını orda qoyub qayıdırlar. Dənizi və sahili zibil qabına çevirənlərə ictimaiyyətin qınağı təsir etmir.
Bəs bunun üçün qanunvericilikdə hansı cəzalar var? Onlar üçün hansı cərimələr müəyyənləşib?
Məsələyə münasibət bildiriən vəkil Ruslan Vəliyev Bizim.Media-ya deyib ki, cərimələrin məbləği hüquqi, fiziki və vəzifəli şəxslərə görə dəyişir:
“Bu, İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsi ilə tənzimlənir. Tullantıların basdırılmasına görə, fiziki şəxslər 700-1000 manat, vəzifəli şəxslər 3000-4000 manat, hüquqi şəxslər isə 8000-10000 manat məbləğində cərimələnə bilərlər”.
O, bildirib ki, xırda məişət tullantılarının kənara atılması üçün də cərimələr mövcuddur:
“Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə, fiziki şəxslər 300, vəzifəli şəxslər 1000, hüquqi şəxslər isə 4000 manat cərimə olunurlar”.
Günay Şahmar, Bizim.Media