“III Şuşa Qlobal Forumu ölkəmizin informasiya müstəvisində müdafiə və hücum imkanlarını genişləndirir. İnformasiya hücumunun önündə isə ölkə Prezidenti getməkdədir. Qlobal Forumda bu bir daha aydın nümayiş etdirildi. Şuşa Forumu prioritetlərə, hədəflərə çatmaq üçün əlavə drayver rolunu oynamaqdadır”.
Bunu Hafta.az-a açıqlamasında siyasi tədqiqatçı, professor Elşad Mirbəşir bildirib.
Professor III Şuşa Qlobal Media Forumunda önə çəkilən mühüm məsələlərə diqqət çəkib. O, Prezidentin Forumda dediyi “informasiya müstəvisində hələ də Azərbaycanın müdafiə olunmağa ehtiyacı var” -sözlərini xüsusi vurğu ilə xatırladıb. Bildirib ki, bu gün Azərbaycan apardığı mübarizədə uğur qazanmaqdadır və bunun üçün lazımi resurslarımız mövcuddur. Forum informasiya sistemində bu resursların daha da sürətləndirilməsinin vacibliyini önə çəkdi.
E.Mirbəşir hesab edir ki, III Şuşa Qlobal Media Forumu bu resursların formalaşdırılması istiqamətində olduqca təsirli rol oynayır:
“Media Forumunda iştirakçıların sayı ilbəil artır, əhatə dairəsi genişlənir. Bu o anlama gəlir ki, Azərbaycan dünyada daha geniş şəkildə tanınmaqdadır. Ölkəmiz müasir beynəlxalq münasibətlər sisteminin və iqtisadi əməkdaşlıq platformalarının fəal iştirakçılarından biridir. Buna baxmayaraq, ölkənin daha geniş coğrafiyada tanıdılması hər zaman xeyrimizədir”.
Professor hesab edir ki, Azərbaycanın hərbi, diplomatik uğurlarını həzm edə bilməyən qüvvələrin ikilistandartlı yanaşmaları davam etdiyi bir vaxtda Azərbaycan həqiqətlərinin davamlı olaraq dünyaya çatdırılmasına daha çox ehtiyac var:
"Bu baxımdan da Şuşa Qlobal Media Forumunun təsirli, əhəmiyyətli rolu var. Forumda qalib ölkənin Prezidenti regional, qlobal əhəmiyyətli məsələlərlə bağlı Azərbaycanın mövqeyini dünyaya çatdırdı. Beynəlxalq ictimaiyyət ölkə Prezidentinin bu və ya digər məsələlərlə bağlı yanaşmalarını çox diqqətlə izlədi. Forumda xarici jurnalistlərin özlərinin də etiraf etdiyi kimi, Azərbaycanın müxtəlif sahələrdəki uğurları heyrət doğurur və bu təcrübə dünya üçün çox əhəmiyyətlidir. Eləcə də 52 ölkədən 140-a yaxın media nümayəndəsinin Forumda iştirakı o deməkdir ki, Azərbaycanın səsi, mövqeyi dünyanın 52 ölkəsində təminatlı şəkildə işıqlanacaqdır. Eləcə də Forumda iştirak edə bilməyən ölkələrin mediaları da iştirakçı jurnalistlərin fikirlərini tirajlayır, Azərbaycanın mövqeyini qeyd edirlər. Forumda informasiya mübarizəsi üçün bizə əlavə resursları yaranır. Bu gün işğaldan azad olunan ərazilərdə geniş bərpa işləri gedir. Biz bunu sistemli hala gətirmişik. Diplomatlar, beynəlxalq media təmsilçiləri işğaldan dərhal sonra artıq 5 ildir ki, mütəmadi olaraq azad olunmuş ərazilərdə səfərdə olurlar. Onlar erməni vandalizminin fəsadlarını öz gözləri ilə görürdülər. Bu Forum eyni zamanda üzərimizə olan əsassız hücumlarl artıq təbii yolla aradan qaldırmış oldu. Artıq beynəlxalq media təmsilçiləri öz ölkələrinə erməni vandalizmi haqqında danışmağa başladılar. Eyni zamanda, Azərbaycanın qısa müddətdə necə bərpa işlərini həyata keçirdiyini gördülər. Bu da Azərbaycanın gücünü, necə iqtisadi resurslara malik olduğunu göstərir. Azərbaycanla əməkdaşlıq etmək, sərmayə qoymaq istəyənlərin arealı genişlənir. Bu da çox əhəmiyyətlidir və qlobal forumun verdiyi töhfələrdən biridir”.
E.Mirbəşir vurğulayıb ki, beynəlxalq Forum iştirakçıları Ermənistan-Azərbaycan münasibətləri haqqında təsəvvürləri Prezidentin dilindən eşitdilər:
“Azərbaycanın sülhsevərliyi, bütövlükdə təhlükəsizlik missiyasını yerinə yetirən dövlət imici, beynəlxalq ictimai mövqeyi güclənir. Azərbaycanın bundan sonra regional təhlükəsizliyin və sülhün təmin olunması üçün hansı addımları atacağı, enerji siyasətinin necə olacağı, perspektivdə nələrin göründüyü və sair regional və qlobal müstəvidə yaranan suallara Azərbaycan Prezidentinin cavabları çox aydın təsəvvürlər formalaşdırdı”.
E.Mirbəşir Prezidentin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib:
“Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən yol olmayacaq, eyni zamanda bu coğrafiyada kommunikasiya imkanlarını genişləndirəcək. Prezidentimiz bu məqama toxunarkən vurğulayıb ki, bizim vətəndaşlarımız o dəhlizdən istifadə edərkən erməni simasını görməməlidir. Xatırladıb ki, çünki sovet dövründə ciddi nəzarətin olmasına baxmayaraq insanlarımıza hücumlar olub, daş atılıb. Forumda bir daha bəyan edildi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasında fəallıq nümayiş etdirməlidir. Ermənistan ərazisində bununla bağlı heç bir iş görməyəcək. Belə gedərsə, Ermənistan qazana biləcəyi şansını itirəcək”.