Avronun məzənnəsi 2 manatı keçib və bahalaşma tendensiyası davam edir. Bəzi fikirlərə görə, bu artım mövsümi xarakter daşıyır və avro yaxın zamanda əvvəlki məzənnəsinə qayıda bilər. Lakin əks mövqedə olanlar avronun bahalaşmasının davam edəcəyini bildirirlər.
Ümumiyyətlə, avronun bahalaşması turizm mövsüm ilə, yoxsa qlobal valyuta bazarındakı dəyişikliklərlə bağlıdır?
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, avronun bahalaşması Azərbaycanla birbaşa əlaqəli məsələ deyil:
"Sadə şəkildə desək, Azərbaycan manatı ABŞ dollarına 1,70 məzənnəsi ilə sabit şəkildə bağlanıb. Əgər dollar beynəlxalq bazarda ucuzlaşırsa, bu zaman manat da avroya qarşı dəyər itirir. Yəni manatın avroya qarşı zəifləməsi Azərbaycanın daxili iqtisadi göstəriciləri ilə deyil, ABŞ iqtisadiyyatı, "Donald Tramp" administrasiyasının qərarları və ticarət müharibələri kimi qlobal amillərlə bağlıdır.
Bu, turizm mövsümi ilə bağlı bir hal deyil. Yəni Azərbaycanda avroya olan tələbatın artması səbəbilə avronun bahalaşmasından söhbət getmir. Əksinə, "Azərbaycan Mərkəzi Bankı" avronun məzənnəsini birbaşa deyil, çarpaz üsulla müəyyənləşdirir".
Ekspert qeyd edib ki, manatın ABŞ dollarına bağlı olması səbəbindən dolların dünya bazarındakı hərəkəti əsas rol oynayır:
"Dollarla beynəlxalq bazarda hər gün və hər saniyə milyardlarla əməliyyatlar aparılır. Nəticədə, dolların məzənnəsi dünya birjalarında formalaşır. Günün sonunda isə "Mərkəzi Bank" dollar-avro məzənnəsini nəzərə alaraq çarpaz üsulla manatın məzənnəsini müəyyənləşdirir".
Mayya Hüseynova