AZ

Xəzərin səviyyəsi niyə rekord həddə azalıb?

Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib. 

Xəzər dənizində suyun səviyyəsinin getdikcə aşağı düşməsi təkcə coğrafi deyil, həm də iqtisadi və ekoloji fəlakət xəbərdarlığı kimi qiymətləndirilir. Dənizlə həmsərhəd olan ölkələr üçün həm içməli su ehtiyatı, həm də balıqçılıq, nəqliyyat və turizm kimi sahələrdə problemər yarada bilər.

Bəs bu enmənin səbəbləri nədir və hansı fəsadlara yol aça bilər? 

“Cebheinfo.az” – a mövzu ilə bağlı açıqlama verən akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev bildirdi ki, qlobal istiləşmə nəticəsində artan buxarlanma su balansını pozaraq Xəzər dənizinin rekord səviyyədə enməsinə səbəb olub: 

“Xəzər dənizinin səviyyəsi azalmağa doğru gedir və müşahidələr əsasında rekord səviyyədə aşağı düşüb. Qapalı su hövzəsi olduğu üçün Xəzər dənizinin səviyyəsi daim dəyişir. Son 100 ildə Xəzər dənizinin səviyyəsində üç dəfə kəskin dəyişim olub. 1930-1977 – ci illərdə Xəzər dənizinin səviyyəsi 3.12 metr aşağı düşüb, 1978-1995 ci illərdə isə Xəzərin səviyyəsi 2.5 metr qalxıb və 1996- ci ildən bu ilə qədər 2.3 metr azalma qeydə alınıb. 

Xəzər dənizinin səviyyəsinin dəyişməsinin əsas səbəbi su balansının dəyişməsidir. Su balansı dedikdə, dənizə daxil olan və dənizdən gedən su nəzərdə tutulur. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi iqlimlə bağlıdır. 

Son 30 ildə Xəzər dənizinin hövzəsinə düşən yağıntıların miqdarında azalma müşahidə edilir. Dənizə yağıntılar əsasən siklonlar vasitəsilə daxil olur ki, onlar da Şimali Atlantika okeanı üzərində yaranır və Xəzər dənizinin hövzəsinə düşür. Həmçinin, qlobal istiləşmə nəticəsində Xəzər dənizinin suyunun temperaturu artır və nəticədə buxarlanma olur”. 

Ə.Əliyev qeyd edib ki, Xəzərin səviyyəsi təbii olaraq enir, lakin azalmanın tempi zəifləyib və 2040–2050-ci ildə sabitləşəcəyi gözlənilir:

“Xəzər dənizinin suyunu rekord həddə enməsi təhlükəli olsa da, fəlakətli vəziyyət deyil. Çünki Xəzər dənizinin səviyyəsində dəyişikliklər hər zaman müşahidə edilib. Son 5 ildə müşahidələr göstərir ki, Xəzərin səviyyəsində düşmə sürəti azalır. 2023 və 2024 -cü ili müqayisə etsək, Xəzərin səviyyəsi 15 metr azalıb. Əvvəlki illərdə bu azalma 20-25 metr olub. Bunun əsas səbəbi Volqa çayında suyun artımı ilə bağlıdır. 

2040-2050 - ci illədə Xəzər dənizində azalma prosesi dayanacıq. Xəzərin səviyyəsinin aşağı düşməsi gəmiçiliyə mənfi təsir edir. Gəmilərin sahilə yaxınlaşması kanallar vasitəsilə olur, su səviyyəsi aşağı düşdüyü üçün suda lillənmə baş verir. Həmçinin mənfi təsirlənən sahələr sırasında balıqçılıq, neft-qaz sənayesidə var. Xəzər dənizinin səviyyəsinin aşağı enməsi qeyri-adi hal deyil, belə dəyişimlər indi də var, gələcəkdə də ola bilər”. 

Seçilən
38
36
cebheinfo.az

10Mənbələr