"2025-ci ildə magistraturaya 13 446 nəfərin qəbul olunması Azərbaycanda ali təhsilin kəmiyyət baxımından inkişaf etdiyini və gənclərin elmi pillələrə marağının getdikcə artdığını açıq şəkildə göstərir. Bu rəqəm həm də onu deməyə əsas verir ki, bakalavr təhsilindən sonrakı mərhələyə keçid təkcə fərdi ambisiya deyil, eyni zamanda əmək bazarındakı rəqabətə davam gətirmək üçün zərurətə çevrilib. Gənclər magistratura təhsilini daha çox ixtisaslaşma, elmi dərinlik qazanmaq və gələcəkdə peşəkar statuslarını möhkəmləndirmək üçün seçirlər. Bu, xüsusilə sürətlə dəyişən və biliklərin tez köhnəldiyi bir dövrdə təqdirəlayiq meyldir".
QHT.az xəbər verir ki, bu sözləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli QHT.az-a açıqlamasında bildirib. Əmrah Həsənli hesab edir ki, bu sahələrə gənclərin marağını artırmaq və yönləndirmək üçün dövlət və ali təhsil müəssisələri məqsədyönlü tədbirlər həyata keçirməlidirlər:
"Lakin burada bir məsələni də vurğulamaq lazımdır: rəqəmlər artdıqca keyfiyyət məsələsi də gündəmə gəlir. 13 mindən artıq magistrantın təhsilə cəlb olunması hər birinin sonradan əmək bazarında effektiv şəkildə yerləşə biləcəyi anlamına gəlmir. Təəssüf ki, bu göstərici bəzən hansısa sahələrdə kadr bolluğuna, digərlərində isə ciddi çatışmazlığa səbəb ola bilər.
Məsələn:
• İqtisadiyyat, hüquq, menecment, psixologiya, beynəlxalq münasibətlər kimi sahələrdə artıq illərdir kadr bolluğu müşahidə olunur. Bu sahələrdə magistr diplomu əldə edənlərin sayı çox, amma real iş imkanları məhduddur. Bu isə gənclərin bir qisminin diplomla işsiz qalmasına və ya ixtisası üzrə çalışmamasına gətirib çıxarır.
• Əksinə, STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat) və təhsil, səhiyyə, kənd təsərrüfatı, sosial xidmətlər kimi sahələrdə ciddi şəkildə peşəkar kadr çatışmazlığı var. Magistratura səviyyəsində bu sahələrə olan maraq hələ də istənilən səviyyədə deyil. Bu isə dövlət üçün həm insan resurslarının, həm də xidmət keyfiyyətinin zəifləməsi deməkdir".
Pərvanə Fərhadqızı