Təxminən min nəfər üzərində aparılan bir araşdırma COVID-19 pandemiyası zamanı sağlam insanların beyninin pandemiyadan əvvəl təhlil edilən nümunələr ilə müqayisədə daha sürətlə qocaldığını göstərib.
AZƏRTAC “Nature Communications” jurnalına istinadla xəbər verir ki, sürətlənmiş qocalma hətta yoluxmayan insanlarda da müşahidə olunub.
Beyin skanlarında struktur dəyişiklikləri kimi ölçülən sürətlənmiş qocalma ən çox yaşlı insanlarda, kişilərdə və imkansız ailələrdən olanlarda nəzərə çarpır. Bununla belə, koqnitiv testlər göstərir ki, zehni qabiliyyət yalnız COVID-19-a yoluxanlarda azalır. Bu, sürətlənmiş beyin yaşlanmasının mütləq şəkildə daha zəif düşüncə və yaddaşa səbəb olmadığını göstərir.
Massaçusets ştatının Boston şəhərindəki Harvard Tibb Məktəbində qocalmanı öyrənən hesablama bioloqu Mehdi Mokri deyir ki, tədqiqat pandemiya mühitinin psixi və nevroloji sağlamlıq üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayır. O əlavə edib: “Pandemiyanın səbəb olduğu beyin yaşlanmasının geri qaytarıla bilən olub-olmadığı hələ aydın deyil, çünki tədqiqat yalnız iki zaman nöqtəsində çəkilmiş şəkilləri təhlil edib”.
Yeni araşdırmada tədqiqatçı Muhammedi-Necad və komandası pandemiyanın insanların beyninə hər hansı təsirini müəyyən etmək üçün 2006-cı ildə yaradılmış nəhəng məlumat bazası olan “UK Biobank”a müraciət ediblər. Verilənlər bazası 40-69 yaş arasında olan 500 min könüllünün anonim sağlamlıq məlumatlarını ehtiva edir. Bu günə qədər biobank 100 minə yaxın bədən skanını toplayıb. Pandemiya illərində baş verə bilənlərlə müqayisə etmək üçün normal yaşlanmanın əsas modelini hazırlayan tədqiqatçılar pandemiyadan əvvəl toplanmış 15 334 sağlam insanın bütün bədən orqanlarının məlumatlarından istifadə ediblər.
Tədqiqatçılar daha sonra iki dəfə skan edilmiş 996 iştirakçıdan ibarət qrupa müraciət ediblər. İkinci skan birincidən orta hesabla 2,3 il sonra aparılıb. Bunlardan 564-ü pandemiyadan əvvəl edilən hər iki skan olub ki, bu da pandemiya olmadığı zaman süni intellektə beynin necə dəyişdiyini öyrənməyə kömək edib.
Qalan 432 iştirakçı pandemiya başlayandan sonra, əsasən, 2021-2022-ci illər arasında ikinci skandan keçib və bu, tədqiqatçılara pandemiyanın beyin yaşlanmasına necə təsir göstərdiyini öyrənməyə imkan verib.
Tədqiqat insanların beyinlərinin iki il ərzində gözlənildiyindən daha sürətlə qocaldığını müəyyən edib. Virusa yoluxmuş insanlar, həmçinin məlumatın emal sürəti və zehni çeviklik kimi bəzi idrak funksiyalarında da azalma göstəriblər.
Tədqiqatın rəhbəri qeyd edib: “Beyin qocalmasının təsiri daha çox kişilərdə və nisbətən az imkanlı sosial təbəqədən olan insanlarda müşahidə olunub. Bu, onu deməyə əsas verir ki, beyin sağlamlığı təkcə xəstəliklərin olması ilə deyil, həm də məcmu həyat təcrübələri ilə müəyyən edilir”.
Kişilər və qadınlar arasında beyin qocalması fərqi orta hesabla 2,5 ay olub. Alimlər izah edirlər ki, bu dəyişikliklərə karantin, sosial təcrid və infeksiya qorxusu nəticəsində yaranan stres də təsir edib. “Pandemiya birbaşa infeksiya olmadan belə beyinə təsir edə bilir”, -deyə araşdırmanın müəllifi sözlərini yekunlaşdırıb.