BAKI, 24 iyul. TELEQRAF
“Buranın seçilməsinin əsas səbəbi UEFA Konfrans Liqasında iştirak etməsi göstərilsə də, klubun futbolçuya böyük ümidlər bəsləməsi və onu bir layihə kimi görməsi transferdə mühüm rol oynayıb”.
Bunu Teleqraf-a açıqlamasında Xorvatiyanın “Varazdin” klubu ilə 3 illik müqavilə imzalayan Rüfət Abdullazadənin meneceri Emil Asadov deyib.
Meneceri Xorvatiya təmsilçisi ilə 24 yaşlı yarımmüdafiəçinin keçidinin detallarını qeyd edib: “Futbolçunun transfer məsələsi təxminən 1,5 aydır ki, davam edirdi. Onun Türkiyə klublarından təklif aldığı yazılsa da, əsas Yunanıstan, Rumıniya və Xorvatiyadan dəvətləri olub. Xorvatiya klubu ilə aparılan danışıqlar 3 illik müqavilə ilə yekunlaşıb. Futbolçunu inkişaf etdirib gələcəkdə daha yüksək səviyyəli klublara transfer etmək planlaşdırılır".
Abdullazadə iki gün əvvəl Xorvatiyaya yollanıb, tibbi müayinədən uğurla keçib və növbəti gün müqavilə imzalanıb. Müqavilənin imzalanmasında klubun baş məşqçisi, idman direktoru, CEO-su və klub rəhbərliyi iştirak edib. İyulun 21-də Abdullazadə ilk məşqinə çıxıb. Komandayla yarım saatlıq hazırlıqdan sonra ona xüsusi fərdi məşq proqramı tətbiq olunmağa başlanılıb..
Qeyd edək ki, Rüfət Abdullazadə son olaraq “Səbail”də çıxış edib.