“Səbail”in sağ vingeri Rüfət Abdullazadə bundan sonra karyerasını Xorvatiyanın “Varajdin” komandasında davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə “Varajdin”in mətbuat xidməti məlumat yayıb.
Rüfət Xorvatiyanın əsas çempionatında mübarizə aparan “Varajdin”lə 3 illik müqaviləyə imza atıb.
Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçunu üçün təxminən 200 min avro təzminat alıb. Bir neçə Türkiyə klubu ilə danışıq aparan Rüfət Xorvatiya təmsilçisini daha yaxşı perspektiv ümidi ilə seçib.
Rüfət Abdullazadə “Sumqayıt” yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi və anlaşması gələn yay başa çatacaqdı. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.
Xatırladaq ki, “Varajdin” Konfrans Liqasında mübarizə aparır. Xorvatlar bu gün – iyulun 24-də bu turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Portuqaliya “Santa Klara”sını qəbul edəcəklər.
