"Təəssüf ki, AŞF-nin prezidenti Mahir Məmmədov iradə göstərmədi".

Offsideplus.az xəbər verir ki, bu sözləri azərbaycanlı şahmatçı Vasif Durarbəyli feysbuk səhifəsindəki paylaşımında qeyd edib. Peşəkar şahmatçı fəaliyyətini dayandırdığını xatırladan 33 yaşlı V.Durarbəyli yığmaya dəvət almamasına münasibət bildirib:

"Azərbaycan şahmat yığma komandasının heyəti açıqlanıb və mən yenə yoxam. Bu dəfə komandada olmamağıma etiraz etmirəm, çünki peşəkar şahmatçı kimi fəaliyyətimi dayandırmışam. Bunun birbaşa səbəbi Federasiyanın mənə qarşı göstərdiyi diskriminativ addımlar və təzyiqlərdir. Uzun müddət münaqişə ilə bağlı heç bir fikir bildirmirdim, çünki məsələni sivil və qarşılıqlı kompromislərlə həll etməyə çalışırdım. Həmişə ölkə daxilində həllin tərəfdarı olmuşam və bunun üçün bütün imkanlardan istifadə etdim. Təəssüf ki, AŞF-nin prezidenti Mahir Məmmədov iradə göstərmədi.

AŞF-yə nəzarət etməli olan qurum da hər hansı addım atmadı. Hörmətli nazir Fərid Qayıbova iki dəfə rəsmi şəkildə müraciət etdim. Birinci müraciətim AŞF-na araşdırmaq üçün yönləndirildi. İkinci və sonuncu məktubumda isə nazirin özü məsələyə konkret münasibət bildirsin deyə yazdım. Aşağıda həmin məktubumda baş verənləri xülasə etmişəm və aldığım cavabı da əlavə edirəm".