AZ

Tələbələri sevindirən qərar

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması barədə Sərəncam imzalayıb.

Prezidentin imzaladığı yeni Sərəncama əsasən, 2025-ci il sentyabrın 1-dən etibarən təqaüdlər yeni məbləğlərlə ödəniləcək. Qeyd edək ki, artım həm elmi, həm də təhsildə fərqlənən tələbələri əhatə edir.

“Cebheinfo.az”-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, ötən il dövlət başçısının imzaladığı sərəncamla bəzi istiqamətlər üzrə təqaüdlər artırılsa da, bu qərar ali və orta ixtisas təhsili alan tələbələri əhatə etməmişdi. 

O qeyd edib ki, Prezidentin sərəncamı ilə tələbə təqaüdlərinin artırılması sosial baxımdan əhəmiyyətli addımdır:

"Cari ilin əvvəlindən etibarən biz də bu istiqamətdə təkliflər irəli sürürdük ki, ən azından bu istiqamətdə də tələbə təqaüdləri artırılmalıdır.

Çünki müvafiq olaraq elektrik enerjisinin, digər kommunal xidmətlərin, eləcə də ictimai nəqliyyatda gediş haqlarının artması tələbələrin gündəlik xərclərinə birbaşa təsir göstərir. 

Nəzərə alsaq ki, tələbələr də daha çox nəqliyyatdan istifadə edirlər, üstəlik, kirayə haqqı, kommunal ödənişlər və dərsliklərin əldə olunması əlavə vəsait hesabına başa gəlir, bu baxımdan təqaüdlərin artırılması vacib idi.

Təbii ki, dövlət başçısının imzaladığı son sərəncama əsasən, tələbə təqaüdləri artırıldı. Məsələn, Prezident təqaüdü artırılıb, bu il 102 tələbə  350 manat Prezident təqaüdü alır. Əgər həmin tələbələr əlavə olaraq əlaçı təqaüdü də qazansalar, bu zaman ümumi təqaüd məbləği 550 manata qədər yüksələ bilər”.

Elçin Əfəndinin sözlərinə görə, sosial cəhətdən həssas təbəqəyə daxil olan tələbələr bu dəyişikliyin faydasını hiss edəcəklər:

“Bundan başqa, bakalavriat səviyyəsində adi təqaüdlər üzrə tələbələr 110 manat, zərbəçi tələbələr 200 manat, əlaçılar isə təxminən 165 manat  təqaüd alacaqlar.  Ən azından sosial cəhətdən həssas qrupa daxil olan tələbələr də bu artımdan faydalana biləcəklər".

Seçilən
102
cebheinfo.az

1Mənbələr