AZ

UNESCO-nun baş katibi Trampa cavab verdi - ancaq öztəşkilatının eybini açdı…


Qasım Hacıyev: “UNESCO-nun Azərbaycana qarşı ayrıseçkilik münasibəti abidələr məsələsində də özünü göstərir”

ABŞprezidenti Donald Trampın ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxması ilə bağlı qəbul etdiyi qərara bu təşkilatın baş direktoru Odri Azulay reaksiya verib.

ABŞ prezidentinin qərarından təəssüfləndiyini deyən Azulay onu da əlavə edib ki, Trampın ilk dövründə ABŞ-ın geri çəkilməsinə baxmayaraq, UNESCO “mandatının sülhə töhfə verə biləcəyi yerdə” işini gücləndirib. “Son illərdə əldə olunan əsas nailiyyətlər sırasına 2018-ci ildə başlanan və UNESCO tarixində ən böyük əməliyyata çevrilən İraqın köhnə Mosul şəhərinin yenidən qurulması, həmçinin süni intellektin etikasına dair ilk və yeganə qlobal normativ sənədin qəbulu daxildir. Təşkilat, həmçinin Livan, Yəmən və Ukraynada münaqişə vəziyyətlərində mədəniyyət və təhsili dəstəkləmək üçün böyük proqramlar həyata keçirib və biomüxtəlifliyin və təbii irsin qorunması, həmçinin qızların təhsilə çıxışını təmin etmək üçün səyləri gücləndirib”-deyə UNESCO-nun baş direktoru bildirib.

Odri Azuleyin açıqlamasında əsas diqqətimizi çəkən məqam o oldu ki, o, Ukraynada, Livanda, Yəməndə mədəniyyət abidələrini bərpa etdiklərini deyib. UNESCO dünyanın müharibə gedən, yaxud başa çatmış digər yerlərində dağılan abidələrə baxış keçirir, onların bərpasına pul ayırır. Amma təəssüflər olsun ki, UNESCO-nun baş direktoru Azərbaycanın adını çəkməyib. Ermənilər işğal dövründə Qarabağda, Şərqi Zəngəzurda bizim saysız tarix-mədəniyyət, dini abidələrimizi məhv edib, dağıdıb.Müharibənin 5 ildir başa çatmasına baxmayaraq, UNESCO-nun hələ də səsi gəlmir.

“…Antiazərbaycan mövqeyini ifşa edib”

Professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, UNESCO-da ermənipərəstlərin mövqeyi həddən artıq güclüdür və onlar təşkilatın azad ərazilərimizdəki məhv edilmiş abidələrə baxış keçirməsinə mane olurlar. Q.Hacıyev qeyd etdi ki, hələ torpaqlarımız işğalda olduğu dövrlərdə də UNESCO Azərbaycan abidələrinin taleyi ilə qətiyyən maraqlanmayıb.

Q.Hacıyev vurğuladı ki, dəfələrlə rəsmi Bakı erməni vandalizminə məruz qalan abidələrimizə baxış keçirməsi ilə bağlı UNESCO-ya müraciət edib missiya göndərməsini tələb edib, amma təşkilat bu çağrışa reaksiya verməyib.

Q.Hacıyev xatırlatdı ki, 2022-ci ilin 4 fevralında Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının keçmiş Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş keçirildi. “Həmin görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olundu və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edildi. Amma təəssüflər olsun ki, indiyə qədər ortada bir nəticə yoxdur. UNESCO-nun Azərbaycana qarşı ayrıseçkilik münasibəti abidələr məsələsində də özünü göstərir. Necə olur ki, UNESCO hələ də müharibə gedən Ukraynaya, eləcə də Yəmənə, Livana tez-tələsik missiya göndərib abidələrə dəyən ziyanı qiymətləndirir, dərhal pul ayırıb, bərpa işinə başlayır, amma Azərbaycanın azad olunmuş ərazilərindəki abidələrin taleyinə biganə qalır? Bunun səbəbi aydındır. Çünki Azərbaycanın abidələrini erməni vandalları dağıdıb məhv edib, UNESCO Qarabağa və Şərqi Zəngəzura missiya göndərsə ermənilərin törətdiyi vəhşilikləri gərək etiraf edə. Bunu etiraf etməmək üçün isə özünü problemdən xəbərsiz kimi aparır”.

Q.Hacıyev vurğuladı ki, 30 il Azərbaycan torpaqları işğalda qaldı, məscidlərin, xristian məbədlərinin, maddi-mədəniyyət abidələrinin dağıdılması istiqamətində ermənilər hər cür vandalizmə əl atdılar, amma bu nə beynəlxalq birliyin, nə də UNESCO-nun “diqqətini çəkdi”. “Halbuki, UNESCO özü könüllü şəkildə bu prosesə qoşulmalı idi ki, Qarabağda və Şərqi Zəngəzurda abidələrin vəziyyətini öyrənsin və bərpa işinə qoşulsun. Amma biz bunu görmədik. İndi ABŞ prezidenti qərar verib ki,ölkəsi UNESCO-dan çıxır, UNESCO-nun rəhbəri həyata keçirdikləri işləri vurğulayır, bununla da antiazərbaycan mövqeyini ifşa edir. UNESCO özü-özünün antiazərbaycan mövqeyini ifşa edib”-deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA

Seçilən
66
baki-xeber.com

1Mənbələr