AZ

Estoniya nəşri: Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda fikirləri dünya liderlərinin marağına səbəb olub

Kiyev, 24 iyul, AZƏRTAC

Estoniyanın “Business-M” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşərkən jurnalistlərin suallarına cavabına dair geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, “Şuşa Forumu: Rəqəmsal çağirişlar və qlobal dialoq” sərlövhəli məqalədə Azərbaycanın dövlət başçısının fikirlərinə geniş yer verilib. Məqalədə qeyd olunur ki, “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri xanım Ceyn Viterspunun moderatorluğu ilə keçirilən Forumda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələri iştirak ediblər.

“Mən bütün qonaqlarımızı Qarabağda salamlamaq istəyirəm. Çox sağ olun ki, bizimləsiniz. Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib.

Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bir sözlə, çox məmnunam ki, biz burada - Xankəndidə bu cür böyük tədbirə toplaşmışıq. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq. Bununla şərhimi yekunlaşdırıram ki, müzakirə üçün daha çox vaxt qalsın. Bir daha bizimlə olduğunuz üçün təşəkkür edirəm”, - deyə məqalədə Prezident İlham Əliyevin giriş nitqi əlavə edilib.

Məqalədə, həmçinin Ukraynanın nüfuzlu jurnalisti Dmitro Qordonun sualı və dövlətimizin başçısının cavabı barədə də fikirlər yer alıb. Qeyd olunur ki, Qordonun “Siz qalib xalqın Lideri kimi Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz?” sualına cavabında Prezident İlham Əliyev “Heç vaxt işğalla barışmamaq lazımdır” deyə bildirib.

Məqalədə daha sonra yazılır: “Prezident Əliyevin III Forumun iştirakçıları ilə görüşündə səsləndirdiyi bəyanatlar beynəlxalq mətbuatda geniş müzakirə obyektinə çevrildi - aparıcı media subyektlərinin manşetlərində yayılaraq, dövlətin siyasətini əks etdirməklə yanaşı, Azərbaycanın səsinin daha inamlı və daha ciddi səsləndiyi qlobal gündəmdə yeni vurğular formalaşdırdı. Bu günlərdə dünya mediasının diqqəti danışmağı, eşidilməyi bilən dövlətə, onun güclü liderinə yönəlib. Forumun qlobal media məkanının diqqət mərkəzində olmasını həm nüfuzlu media qurumlarında işıqlandırılma, həm də sosial şəbəkələrdə fəal iştirak sübut edir. Beləliklə, “ #Azerbaijan ”, “ #ShushaGlobalMediaForum ” və “ #IlhamAliyev ” həştəqləri qısa zamanda trendə çevrilərək Şuşa Forumuna artan beynəlxalq marağın və Azərbaycan dövlət başçısının bəyanatlarının virtual əksinə çevrildi”.

Estoniya nəşri daha sonra yazır ki, Prezident İlham Əliyevin bəyanatları siyasi liderlərin marağına da səbəb oldu. ABŞ Prezidenti Donald Tramp “Truth Social” səhifəsində Azərbaycan dövlət başçısının ABŞ-la münasibətlər mövzusunda çıxışından fraqment paylaşıb. Prezident İlham Əliyev ABŞ və Azərbaycan arasında tərəfdaşlıq, eləcə də Trampın həm qlobal, həm də regionda sülh gündəminə sadiqliyinə dair bəyanatlarını əks etdirən videoçarxı paylaşdığına görə Prezident Trampa minnətdarlığını bildirib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
28
1
azertag.az

2Mənbələr