Əli Mustafa: “Peskovun dediklərinin heç bir əsası yoxdur”
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox önəmlidir: “Rusiyada qanuna tabe olan azərbaycanlılara hörmət edirlər, Moskva isə Azərbaycanda ruslara hörmət edilməsini çox vacib sayır. Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox önəmlidir”, - Peskov deyib.
Azərbaycanda ruslara hörmət edilməsində hansısa problem varmı? Rusiyada ortalama 2,5 milyon civarında azərbaycanlı yaşayır, amma bir Azərbaycan məktəbi yoxdur. Azərbaycanda isə cəmi 100 min rus yaşayır, amma dövlət büdcəsi hesabına olan rusdilli məktəblərin sayı 340-dan çoxdur. Əgər 2018-ci ildə Azərbaycanda rus məktəblərində təhsil alan şagirdlərin sayı 90 mindən bir az çox idisə, hazırda 160 mindir.
“Rusiyada yaşayan bir azərbaycanlının hüquqları pozulursa, bu, bütövlükdə xalqımızın hüquqlarının pozulması deməkdir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi şərhçi Əli Mustafanın fikrincə, Peskovun yanaşması obyektivlikdən uzaqdır: “Peskov hansı hörmətdən danışır? Milyonlarla azərbaycanlı Rusiyada oxusa da onların məktəbi yoxdur. Rusiya hökuməti Azərbaycan dilində orada hər hansı bir məktəbi açmağı, maliyyələşdirməyi öz şəstinə sığışdırmayıb. Əslində bu anlaşılandır. Çünki bu, assimilyasiya siyasətinin tərkib hissəsidir. Ancaq bundan fərqli olaraq, Azərbaycanda on minlərlə rus yaşayır və onların 340-dan çox məktəbi var. Bu, imperiyaların müstəmləkələrə olan münasibəti, müstəmləkələrin də imperiyaya verdiyi qarşılığa bağlı bir şeydir. Əslində bunu dəyişmək lazımdır. Biz nəhayət suverenliyin, müstəqil dövlət olmanın gerçək mahiyyətini, məzmununu yavaş-yavaş ifadə etməliyik. Azərbaycanlıların Rusiyada, Moskvada rastlaşdığı problemlərlə bağlı, ümumiyyətlə, prinsip olaraq, dövlətin siyasəti olaraq bu istiqamətdə addımlar atılmalıdır. Nəhayət, dövlət büdcədən maliyyələşən müəssisələrin, xüsusən təhsil müəssisələrin fəaliyyətini dövlətin milli maraqlarına, təhlükəsizlik siyasətinə uyğun tənzimləməlidir. Hesab edirəm ki, dövlət bu prinsiplərdən çıxış etməlidir. O ki qaldı Azərbaycanda ruslara hörmət edilməsinə, zatən biz burada bütün millətlərə hörmət edirik. Bu, bizim üçün milli xarakterlidir. Bizim xalqımıza xas olan zənginlikdir bu. Azərbaycanda yaşayan bütün etniklərə hörmət edilir. O cümlədən Azərbaycanda yaşayan ruslar, rusdilli ailələr də bu gün çox komfort və məmnunluq içində yaşayırlar. Ona görə də Peskovun dediklərinin heç bir əsası yoxdur. Rusiya yaxşı olardı ki, orada yaşayan azərbaycanlılara hörmət etsin. Rusiyada yaşayan bir azərbaycanlının hüquqları pozulursa, bu, bütövlükdə Azərbaycan xalqının hüquqlarının pozulması deməkdir. Ona görə də biz hər fürsətdə Rusiyada yaşayan soydaşlarımızın hüquqlarını qorumağı bacarmalıyıq”.
Vidadi ORDAHALLI