BAKI, TurkicWorld
Kamboca hakimiyyət orqanları, Tailandla sərhəddə yerləşən Oddarmeançey vilayətində baş verən silahlı toqquşmalar səbəbilə, təxminən 5 min nəfəri təxliyə edib.
TurkicWorld xəbər verir ki bu barədə Kamboca hökumətinin nümayəndəsi məlumat verib.
“Biz təxliyə olunanlar üçün uyğun infrastruktur hazırlamışıq və onları əvvəlcədən seçilmiş kənd və icmalara yerləşdirmişik. Həmin ərazilərdə çadırlar, elektrik enerjisi və təmiz su mövcuddur. Ərazidə həmçinin tibb işçiləri də fəaliyyət göstərir” - deyə, məlumatda qeyd olunub.
Sərhəd boyunca yerləşən 12 kənddən olan 1 500 ailə təxliyə edilib.
Tailandın müvəqqəti baş naziri Phumtam Veçayacay bildirib ki, sərhəddə yerləşən Buriram, Surin, Sisaket və Ubon Ratçatxani vilayətlərindəki sakinlərin sərhəddən ən azı 50 km uzaqlaşması barədə göstəriş verilib.
Qeyd edək ki, Kamboca ilə Tailand arasında münasibətlər, may ayında baş vermiş və hər iki ölkənin özünə aid hesab etdiyi mübahisəli ərazidə bir kambocalı əsgərin həlak olması ilə gərginləşmişdi. Sonuncu silahlı toqquşmalar isə mina partlayışı nəticəsində beş tailandlı əsgərin yaralanmasından sonra başlayıb.
Tailandın Səhiyyə Nazirliyi məlumat verib ki, toqquşmalar nəticəsində 11 mülki şəxs və bir hərbçi həlak olub. Kamboca tərəfi ölənlərlə bağlı hələlik rəsmi məlumat verməyib.
Müvəqqəti Baş nazir Veçayacay cümə axşamı günü ölkənin Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. O, Tailandın yalnız özünümüdafiə çərçivəsində hərəkət etdiyini, əməliyyatların isə sərhəddə vəziyyət sabitləşənədək davam edəcəyini bildirib. Hazırda sərhəddə yeni toqquşmalarla bağlı məlumat yoxdur.
Kamboca baş naziri Hun Manet vətəndaşları tailand vətəndaşlarına, şirkətlərinə və diplomatik nümayəndəliklərinə qarşı təxribatlardan çəkinməyə çağırıb. O həmçinin, Tailanddakı kambocalılara ölkəyə qayıtmağı tövsiyə edib.
Bu arada, Kambocanın sabiq baş naziri Hun Sen Çin Xalq Respublikasına qaçdığı barədə yayılan xəbərləri təkzib edib. O bildirib ki, oğlu Hun Manet, Müdafiə Nazirliyi və ordu komandirləri ilə birgə Tailandla artan gərginlik fonunda fəaliyyətlərini davam etdirir.