AZ

Putin "ekstremist" adı ilə müxalifətin üstünə qanuni yürüşə başladı...


Abutalıb Səmədov: "Bu gün Rusiyada azad mətbuatdan, müstəqil fikir söyləməkdən və azad siyasətdən söhbət belə gedə bilməz, ancaq hakimiyyət bütün bunlarla yenə də kifayətlənmək istəmir"

Vladimir Putin, Rusiyada istənilən təşkilatın üzvü ekstremist maddə ilə mühakimə olunarsa, həmin ictimai birliyin "ekstremist" kimi tanınması barədə qanun imzalayıb.

“Birinci şöbə”nin hüquqşünaslarının izah etdiyi kimi, indi təkcə hüquqi şəxsləri deyil, istənilən ictimai birliyi “ekstremist” kimi tanımaq mümkün olacaq. Beləliklə,təşkilatin içərisinə bir nəfər "ekstremist" atmaqla onun fəaliyyətini "ekstremist təşkilat" kimi qadağan etmək mümkün olacaq. Rusiyada bu, əvvəllər də baş verib, məsələn, Baş Prokurorluq tərəfindən "beynəlxalq LGBT hərəkatı" və ya "beynəlxalq satanizm hərəkatı" ilə bağlı olub, lakin bunun üçün Ali Məhkəmənin ayrıca qərarı lazım idi.

"İndi nə məhkəmə, nə də məhkəmə prosesi tələb olunur. Əgər ən azı bir iştirakçı artıq ekstremist icma yaratmaqda təqsirli bilinibsə, o zaman onun üzvü olduğu bütün birlik ekstremist kimi reyestrə daxil edilə bilər", - deyə "Birinci şöbə"nin hüquq müdafiəçiləri bildirirlər.

Rusiya iqtidarı bununla nə etmək istəyir, bunu müxakifətə qarşı səlib yürüşü saymaq olarmı? Çünki Rusiyada media, siyasi partiyalar və QHT-lər vətəndaş cəmiyyəti olaraq "birlik" adı altında birləşir.

Putin 1999-cu ildə baş nazir təyin edilib və prezident Yeltsin istefa verdikdən sonra, eyni zamanda prezident vəzifəsini yerinə yetirməyə başladı. Həmin dövrdə Rusiyada kifayət qədər demokratik mühit var idi. Parlament və prezident seçkilərində müəyyən pozuntular olsa da, seçkilər azad şəraitdə keçrilirdi, ciddi rəqabət var idi. Müxalifət parlamentdə kifayət qədər təmsil edilə bilirdi.

Eyni zamanda, Rusiyanin tərkibinə daxil olan subyektlərdə (muxtar respublikada) rəhbərlər seçilirdi. Putin prezident vəzifəsini icra etməyə başladıqdan sonra mövcud olan demokratik institutları ləğv etməyə başladı. Əvvəlcə Rusiyadakı subyektlərin rəhbərləri seçki yolu ilə deyil, prezident tərəfindən təyin edilməyə başladı. Daha sonra ikinci çeçen müharibəsi başladı, Rusiyada çeçenlərə qarşı nifrəti alovlandırmaq üçün yaşayış binalari partladılmağa başladı. Demokratik institutlar tədricən sıradan çıxarılmağa başladı. O dövrdə Rusiyada KİV, xüsusilə də telekanallar kifayət qədər azad fəaliyyət göstərirdilər. Həm dövlət, həm də özəl telekanallar çoxlu müzakirələr keçirir, müstəqil siyasi verilişlər hazırlayırdılar. Xüsusilə NTV ölkədə çox populyar idi. Tədricən KİV-lər sıradan çıxarıldı. NTV Qusinskinin əlindən alındı və o, ölkəni tərk etmək məcburiyyətində qaldı. Putinin prezident seçilməsində böyük rol oynamış sahibkarların bir hissəsi ölkəni tərk etdi, bir hissəsi isə müəmmalı şəkildə öldürüldü. O dövrdə Rusiyanin ən böyük neft şirkətlərindən birinin rəhbəri olan Xodarkovski həbs edildi. Ölkədə demokratiya izləri addım-addım yox edilməyə başladı. Proses bugünə qədər də davam edir. Artıq Rusiyada müxalifət yoxdur. Az-çox düşünməyi bacaran insanlar ölkəni tərk edib ki, bunların içərisində mədəniyyət və incəsənət xadimlari də var. Ukraynaya qarşı müharibənin yanlış olduğunu söyləyənlər həbs edilib və ya ölkədən qaçıblar. Hakimiyyətə yaxın olan adamlar artıq böyük sahibkarlara çevriliblər. Bu,sahibkarlarin əlindən obyektləri alıb hakimiyyətə yaxın olan adamlara paylaşmaqla baş verib. Bu gün Rusiyada azad mətbuatdan, müstəqil fikir söyləməkdən və azad siyasətdən söhbət belə gedə bilməz, ancaq hakimiyyət bütün bunlarla yenə də kifayətlənmək istəmir. Bəzən heç ehtiyac olmadan müxtəlif addımlar atılir ki, ölkədə azad fikirliliyin rudimentləri belə sıradan çıxsın.

Bunları baki-xeber.com saytına açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

Ekspert onu da əlavə etdi ki, son günlər ekstremizmlə bağlı olan qərar buna bariz misaldır: "Hər hansı bir təşkilatın bir üzvü (həbs edilən rəhbər olmaya da bilər) ekstremizm ittihamı ilə həbs edilərsə, o təşkilat ektremist təşkilat elan edilib, Ədliyyə Nazirliyi tərəfindən ləğv oluna bilər. Bu cür qərarlar artıq məhkəmə tərəfindən qəbul edilmir, icra orqanları - Ədliyyə Nazirliyi belə qərarlar verir.

Baş nazir təyin edilərkən heç bir nüfuz və reytinqi olmayan və təsadüfi siyasətçi sayılan Vladimir Putinin 25 illik fəaliyyətinin nəticəsi məhz budur. Bu bir daha göstərdi ki, ən uğursuz siyasətçiləri də ciddiyə almamaq, onların qısa müddətli, ötəri, təsadüfi siyasi "lider" olduğunu güman etmək nə qədər yanlışdır. Dünya tarixində bu cür diktatorlar kifayət qədər olub. Əvvəlcə onu ciddiyə almayıblar, uğursuz və təsadüfi sayıblar, lakin onlar dövlətlərinə böyük fəlakətlər yaşadıblar. Rusiya Putinin fəaliyyəti nəticəsində dünyada çıxdaş vəziyyətə düşüb. Müttəfiqi yalnız Şimali Koreya və İrandır. Onlardan başqa heç bir dövlət Rusiyaya yaxın gəlmir. Hətta Belarus da Rusiyadan uzaq qaçmağa çalışır.

Digər sövet respublikaları Rusiyanın açıq və ya örtülü şəkildə işğalçı olduğunu bildirir və ona heç bir dəstək vermir.

2013-cü ildə Rusiyada ÜDM 2,3 trilyon rubl səviyyəsində idi. 12 ildən sonra Rusiya yenə həmin səviyyədədir. Burada həlledici rolu hərbi xərclər oynayir.

Putin Rusiyanı bu vəziyyətə gətirib çixardı, lakin bu hələ son deyil. Onun 1999-cu ildəki müxalifətə, müxalif fikrə, müstəqil düşüncəyə qarşı başlatdığı səlib yürüşü hələ bitməyib. Çox təəssüf ki, bu yürüsun tərkib hissəsi qonşuluqda yerləsən müstəqil respublikalara qarşı yönəlib. Putin 2022-ci ilin iyununda bəyan elədi ki, onun missiyası Rusiya torpaqlarını birləşdirmək və güclü dövlət yaratmaqdır. O, açıq şəkildə öz işğalçılıq planlarını bəyan elədi. Rusiya artıq təkcə rus xalqı üçün deyil, həm də qonşuları və dünya üçün təhlükəyə çevrilib. Bu təhlükənin qarşısını almaq artıq bütün dünyanın bir nömrəli problemidir".

Akif NƏSİRLİ

Seçilən
95
baki-xeber.com

1Mənbələr