Ramin Qafarov: “Xarici vətəndaşlara səfər icazələrinin genişləndirilməsi turizmin inkişafına səbəb olacaq”
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə vətəndaşların səfərlərinin təşkili ilə bağlı mühüm yeniliklər həyata keçirilib. Bu dəyişikliklər həm texniki prosedurların sadələşdirilməsi, həm də regionun turizm potensialının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Dəyişikliklərdən biri də xarici vətəndaşlarınQarabağa gedə bilməsidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yaydığı məlumat qeyd edilir ki, 2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər. Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq.
“Bu qərar ölkənin beynəlxalq nüfuzunun artmasına və Qarabağın dünyaya tanıdılmasına xidmət edəcək”
Turizm sahəsi üzrə ekspert Ramin Qafarov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, xarici vətəndaşlara işğaldan azad olunmuş ərazilərə getmə icazə verilməsi bölgədə turizmin inkişafına səbəb olacaq. Eyni zamanda, bu qərar ölkənin beynəlxalq nüfuzunun artmasına və Qarabağın dünyaya tanıdılmasına xidmət edəcək: “Xarici turistlərin səfərləri zamanı çəkdikləri foto və videolar, sosial platformalarda ictimailəşdirdikləri məlumatlar, görüntülər Qarabağın real vəziyyətini beynəlxalq ictimaiyyətə tanıdacaq”. Həmsöhbətimiz hesab edir ki, xarici vətəndaşlara səfər icazələrinin genişləndirilməsi turizmin inkişafına səbəb olacaq: “Yeni qərar Qarabağ və Şərqi Zəngəzura turist axınının artmasına, regionun sahibkarlıq mühitinin genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın yüksəlməsinə ciddi töhfə verəcək. Onu da deyim ki, ölkəmizdə yaşayan xarici vətəndaşlar Qarabağa getmək, o torpaqları görmək arzusunda idi. Bu qərar onların sevincinə səbəb olub. Hər kəs səbrsizliklə müqəddəs torpaqlarımızı görmək istəyir. Hətta xarici ölkə vətəndaşları belə Şuşa, Laçın, Xankəndini görmək, orda istirahət etmək istəyir. Turizmin inkişafı baxımından məlum qərar olduqca əhəmiyyətlidir”.
Günel CƏLİLOVA