AZ

Suriya İsrailin təcavüzünə qarşı Türkiyədən hərbi dəstək istədi...


Arzuxan Əlizadə: “Türkiyə Suriya bataqlığına düşməməlidir”

Suriya hökuməti bütün terror təşkilatlarına, xüsusilə də İŞİD-ə qarşı daha effektiv mübarizə aparmaq üçün Türkiyədən rəsmən hərbi dəstək istəyib.

Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, İsrailin son günlər, xüsusilə cənubdakı Sveyda bölgəsində intensivləşən hücumları, druz icması ilə Dəməşq administrasiyası arasında gərginliyi artırıb.

“Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması, sabitliyin təmin edilməsi və terror təşkilatları ilə mübarizədə qətiyyətli mövqeyini qoruyur. Milli Müdafiə Nazirliyi olaraq Suriyanın yeni hökuməti ilə sıx əməkdaşlıq edirik. Suriya administrasiyası müdafiə qabiliyyətini gücləndirmək və İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün Türkiyədən rəsmi dəstək istəyib. Bu tələbə uyğun olaraq, Suriyanın müdafiə qabiliyyətini artırmaq üçün təlim, məsləhət və texniki dəstək vermək səylərimizi davam etdiririk. Türkiyənin əsas məqsədi Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü dəstəkləmək və bölgədə davamlı sülhə nail olmaq üçün səylərə rəhbərlik etməkdir” - deyə nazirliyin açıqlamasında bildirilir.

Söhbət indiki şəraitdə Suriyanın müdafiəsi dedikdə İsrailin hücumundan gedir. Bu, ola bilərmi ki, İsrailin hücumlarına qarşı Türkiyədən hərbi yardım istənilməsi məsələsi olsun? Əgər bu məqsədlə kömək istənilirsə, burada mütləq Türkiyə ilə İsrailin üz-üzə gəlməyindən söhbət gedir. O zaman, burada vəziyyət necə olacaq?

“Belə bir mürəkkəb vəziyyətdə ora ordu yeritməsi Ankara üçün müəyyən risqlər yarada bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, bu məsələdə Türkiyə son dərəcə ehtiyatlı olmalıdır: “Düzdür, Türkiyə qonşu Suriyada sabitlikdə maraqlıdır. Çünki Əsəd rejimi dönəmində Suriyada baş verən vətəndaş müharibəsinin ən çox zərəri Türkiyəyə dəyib. Suriyadan milyonlarla qaçqın Türkiyəyə sığınıb. Ona görə də Türkiyə istəməz ki, Suriya yenidən qeyri-sabitliyə yuvarlansın. Çünki Suriyada yeni qüvvələrin timsalında dövlətin qurulmasında Türkiyə yaxından iştirak edir. Əhməd Əş Şaraa hökumətinə hər cür yardımı göstərir. Ancaq müxtəlif səbəblərdən orada vəziyyət yenidən mürəkkəbləşib. İsrail açıq şəkildə druzları müdafiə edərək ara-sıra Suriyanı bombalayır. İrandakı molla rejimi Suriyadan çıxarılmasını həzm edə bilmir. Tehrana bağlı qüvvələr vəziyyəti məzhəb zəminində gərginləşdirir. Suriyanın şimalında yerləşən kürd qrupları silahı yerə qoymağa tələsmirlər. Belə bir mürəkkəb vəziyyətdə Türkiyənin ora ordu yeritməsi Ankara üçün müəyyən risqlər yarada bilər. Biz istəmərik ki, qardaş ölkə üçün risqlər yaransın. Yaxud da İsraillə Türkiyə Suriyada üz-üzə gəlsin. Onsuz da İsrail Türkiyənin Suriyada hərbi bazalar qurmasının qəti əleyhinədir. Düzdür, Suriya rəsmən müraciət edirsə, Türkiyənin ora ordu göndərib-göndərməməsi Ankaranın öz hüququdur. Ancaq bütün risqlər nəzərə alınmalıdır və Türkiyə Suriya bataqlığına düşməməlidir”.

Vidadi ORDAHALLI

Seçilən
28
baki-xeber.com

1Mənbələr