Avropa Birliyi, benzin və dizellə işləyən avtomobillərlə bağlı qadağaları daha da sərtləşdirməyə hazırlaşır. Yeni planlara görə, gələcəkdə yalnız bu avtomobillərin satışı deyil, eyni zamanda icarəsi də qadağan oluna bilər. Bu dəyişiklik avtomobil sektorunda və ikinci əl bazarında ciddi çevrilişə səbəb ola bilər.
"Bakuinfo" xəbər verir ki, Almaniyanın nüfuzlu “Bild” qəzeti Avropa Komissiyasına istinadən yazır ki, 2030-cu ildən etibarən avtomobil kirayəsi ilə məşğul olan şirkətlərə benzinli və dizel avtomobil almaq qadağan oluna bilər. Əgər bu qayda qüvvəyə minərsə, Europcar, Sixt kimi tanınmış kirayə firmaları bütün avtomobil parklarını yalnız elektrikli modellərlə yeniləməyə məcbur olacaq.
Adətən bu şirkətlər avtomobillərini 1-2 ildən bir dəyişdirdiyindən, 2032-ci ilə qədər kirayə bazarının böyük hissəsinin tamamilə elektrikli avtomobillərə keçəcəyi gözlənilir.
Yeni təklif yalnız kirayə şirkətlərini deyil, korporativ avtomobil parklarını da əhatə edə bilər. Hazırda Avropada yeni avtomobil satışlarının 60%-i məhz bu filolara edilir. Bu isə o deməkdir ki, qadağanın təsir dairəsi çox daha geniş olacaq və 2035-ci ildə daxiliyanma mühərriklərinə satış qadağası qüvvəyə minməmişdən əvvəl belə bazarda hiss olunacaq.
Yeni qaydalar ikinci əl daxiliyanma mühərrikli avtomobillərə olan tələbatı və təklifi də birbaşa təsir altına salacaq. Çünki kirayə və korporativ avtomobillər ikinci əl bazarının əsas mənbəyidir. 2030-cu ildən sonra belə avtomobilləri tapmaq çətinləşə bilər, qiymətlər isə kəskin arta bilər.
Filo sifarişlərinin azalması, benzinli və dizel avtomobillərin istehsalını iqtisadi cəhətdən mənasız edə bilər. Bu səbəbdən bəzi avtomobil markaları qadağalar tam qüvvəyə minməmişdən əvvəl bu modelləri istehsaldan çıxara bilər.
Avropa Komissiyası “Bild”ə verdiyi açıqlamada 2030-cu ildən etibarən bu cür məhdudiyyətlərin tətbiqi ilə bağlı rəsmi qərar qəbul edilmədiyini bildirir. Lakin elektrikli nəqliyyat vasitələrinə keçidi sürətləndirmək üçün bu istiqamətdə addımların atılması planlaşdırılır.